PrimeTime.Az gənc yazar Pərviz Hüseynin növbəti müəllif yazısını oxucuları üçün yayımlayır.

İlk dəfə "Əli və Nino" əsərini 2012-ci ilin may ayında oxumuşam, ona qədər bu ad mənə ancaq kitab mağazalar şəbəkəsinin adı kimi tanış idi. Qurban Səidin şah əsəri sayılan, dünyanın 33 dilinə tərcümə edilmiş, 66 ölkədə nəşr olunmuş bu roman düzünü desəm, ərgənlikdən gəncliyə doğru addım atan bir oğlana elə də təsir etməmişdi.

Kitabın yarısını artıq oxumuşdum, ancaq hələ də mənim üçün oxuduğum digər sadə romanlardan heç bir fərqi yox idi. Amma, bitirdikdən sonra romanı yenidən oxumaq istədim və beləcə əsəri indiyədək beş dəfə oxumuşam. Demək ki, əsrin romanı adını almağa layiq bir romandır.

Ötən həftədən etibarən ölkənin kinoteatrlarında baş prodüserliyini Leyla Əliyevanının etdiyi, Oskar mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkilən "Əli və Nino" filmi nümayiş etdirilir. Sevdiyim bir əsərin filminin necə alınması və xüsusilə Azərbaycanda çəkilən səhnələrin bilavasitə marağında olduğum üçün üz tutdum kinoteatra və istədiyim kimi bir nəticə aldım.

İlk dəfə 1937-ci ildə çap edilən əsərin film versiyasının ssenarri müəllifi Kristofer Hemptoundur. Ssenaridə hər kitabın film versiyasında öyrəşdiyimiz kiçik kəsilmələr olub. Məsələn : Əsərdə Əli və Ninonun və dostlarının birgə gimnaziya səhnələri daha çox idi, filmdə bu yerlər çıxardılıb. Ümumi filmin rəng korreksiyası, çəkiliş üslubu mükəmməl alınıb, təbii ki, işini bilən rejissor olduğunda mükəmməl işlər ortaya çıxır, Asif Kapadia işinin öhdəsindən çox əla gəlib. Filmdə Bakının müxtəlif yerləri, İçəri Şəhər, Neft yataqları, Şirvanşahlar sarayı təsvir edilib. Kompüter qrafikasından istifadə edildiyi isə çox aşkar idi, çünki başqa cür şəhərin mərkəzində yerləşən tarixi binaların kondisionerlərini yox etmək alınmazdı. Digər səhnələrə gəldikdə isə, filmin baş qəhrəmanları Əli (Adam Bakri) və Mariya Valverdenin (Ni)no cəsarətli yataq səhnələri ilə filmə rəng qatıblar. Düşünürəm ki, hər hansı bir azərbaycanlı aktyor və aktrisa bu səhnələrə çəkilsəydi, tamaşaçılar tərəfindən tənqid və təhqir atəşinə tutulardı.

Filmin musiqiləri isə ayrı bir mövzudur. Azərbaycan musiqisinin qərb musiqisi ilə sintezi və dramatik fon musiqisi filmin səhnələrinə çox ciddi təsir edən amillərdən biridir . Filmdə diqqətimi çəkən bir məqam isə Ninonun İran sarayına gəlişi ilə bağlıdır. Müharibədən qaçıb, hamiləliyini İran sarayında yaşamağa başlayan Ninonun köməkçisi bir xədim oğlan olur və saraya ilk gəlişində təxminən belə bir dialoq qurulur:

- Xoş gəlmisiniz, şahzadəm. Mən sizin xədiminizəm və qulluğunuzda hazıram...
Təbii ki, o dövr üçün xədimlərin saraylarda qulluqçu vəzifəsində çalışdığını ən azından tarixi bilməyən və maraqlanmayan insanlar da türk seriallarından öyrəniblər. Təssəvvür edin, o dövrdə yaşayırsınız və oğlanın birindən soruşursunuz :

- Harda işləyirsən?
- Sarayda Xədim işləyirəm.

Ən azından indiki dövr üçün bunu heç kimə arzulamıram. Gələk ikinci diqqət çəkən bir səhnəyə. Yenə, bu səhnə İrandakı sarayda baş verir. Ninonu görməyə gələn digər nüfuzlu ailələrdən olan bir xanımla təxminən belə bir dilaoq qurulur:

- Yəqin ki, müsəlman kişinin tək arvadı olmaq olduqca çətindir.
- Yox, niyə ki? Heç də çətin deyil.
- O səni indiyədək heç bir xəstəliyə yoluxdurmayıb?
- Yox.
- Bu ki, çox əladır. Gördün ki, səndən sıxılır, onu "rəqs edən oğlanlar"ın yanına göndər.

Diqqət çəkən digər məqam geyimlərdə özünü göstərir. Qafqazlıların geyimlərini çox mükəmməl şəkildə "Game of Thrones" serialının geyim üzrə rəssamı Mişel Klapton hazırlayıb.

Film nüfuzlu kino saytı www.imdb.com saytında 9.3 balla qiymətləndirilib və ümidvaram xərclənən 20.000.000 dollar büdcənin qarşılığını alacaq. Hər bir halda millət olaraq ölkəmizin adını hər hansı bir xarici ölkədə eşitmək bizə həmişə qürur yaşadır məhz azərbaycanlı olaraq filmi izləmək, sadəcə qürurvericidir.

Sonda bir tövsiyyəm var. Azərbaycan ədəbiyyatının ən qalmaqallı əsərini izləmək üçün keçin 7 manatınızdan...