Azərbaycan tamaşıçılarının neçə nəsli "Toy kimindir", "Durna", "Ulduz", "Özümüz bilərik", "Hacı Kərimin Aya səyahəti", "Altı qızın biri pəri", "Milyonçunun dilənçi oğlu", "Nənəmin şahlıq quşu", "Ləpələr", "Ev bizim,sirr bizim", "Qayınana", "Hicran" kimi neçə-neçə tamaşalar da Lütfəli Abdullayevin, Bəşir Səfər oğlunun və Nəsibə Zeynalovanın - bu əfsanəvi üçlüyün, onların yaratdıqları səhnə möcüzəsinin gerçək şahidləri olublar.

O dövrün Musiqili Komediya Teatrının sənət uğurları Şəmsi Bədəlbəylinin və Süleyman Ələsgərovun bənzərsiz istedadı və ardıcıl zəhməti sayəsində mümkün olurdu. Teatr bu insanlar üçün sadəcə iş yeri deyildi, böyük bir ailənin yaradıcılıq həyatının müqəddəs məkanı idi. Burada şəxsiyyətini və sənətini uca tutan, biri-birinə qarşı ehtiram bəsləyən, cılız hisslərdən uzaq duran, tamaşaçılarına sonsuz sevgilərlə hər dəfə səhnəyə çıxan nəhəng teatr xadimlərinin yaradıcılıq qanunları hakim idi. Odur ki, səhnədə əfsanəvi üçlük - Lütfəli Abdullayev, Bəşir Səfər oğlu və Nəsibə Zeynalova qismində səhnənin pozitiv enerji seli tamaşa salonuna axır, seyrci bayram ovqatına qərq olurdu.

Amma ömürlərinin ən qaynar yaradıcılıq dövründə əvvəlcə Bəşir Səfər oğlu, sonra Lütfəli Abdullayev dünyalarını dəyişdilər və bu gün qətiyyətlə demək olar ki, Musiqili Komediya Teatrı həmin itkilərdən sonra sanki sarsılıb, müvazinətini itirdi. Onun ağırlığını həmin sənətkarların doğmaları da, tamaşaçılar da, bütövlükdə teatr sənəti də hiss etdi, amma dost, həmkar, tərəf müqabil itkisini bir o qədər, bəlkə daha həssaslıqla Nəsibə Zeynalova yaşadı. Necəsini ondan başqa kimsə bilmədi o zaman...

O, güclü insan idi. Şəxsiyyətcə bütöv, təbiətcə ciddi, ədalətli olması və zəhmətsevərliyi onu ümumxalq sevimlisinə çevirmişdi. Təkəbbürlü deyildi, özünə və başqalarına qarşı tələbkarlığı az qala amansızlığa bənzəyirdi. İstedadı Allah vergisi, genetik(böyük Cahangir Zeynalovun qızı olması) varisliklə əlaqələndirilsə də, gündəlik zəhmət və əziyyəti onun ən etibarlı müttəfiqi idi.

Nəsibə Zeynalova K.S.Stanislavskini nə oxumuşdu, nə öyrənmişdi, həmçinin onun başqaları tərəfindən guya "mənimsənilmiş" "Sistem"inin də heyranı deyildi. Amma bu sənətkarın yaradıcılıq işləri onun altıncı hissi ilə intuitiv olaraq yaratdığı obrazın doğru səhnə həyatını ortaya qoyurdu. Sanki bu obrazların səhnə həllini bu və ya digər təklif edilmiş şəraitdəki ifa tərzini, aktyor vasitələri seçimini ona K.S.Stanislavskin özü pıçıldayırdı.

Avropa teatrlarından birinin məşhur aktrisasından rol üzərində necə işlədiyini soruşanda o, aldığı rolu müəllif niyyətinə uyğun şəkildə yoğurub səhnəyə çıxardığını söyləmişdi. Əlbəttə, aktyorun öz yaradıcılıq işi haqqında hər hansı elmi izahı yoxdursa, elə bu şəkildə də söyləmək olar. Amma Nəsibə Zeynalova rol üzərindəki işə "kulinariya" prinsipi ilə yanaşmırdı. Hər bir obrazın zahiri görünüşü, yerişi, ədaları, yalnız ona məxsus olan özəllikləri ilə bərabər onun daxili mahiyyəti, əməllərinin psixoloji motivləri Nəsibə Zeynalova üçün ciddi axtarış predmeti olurdu. Obrazın zahiri və daxili keyfiyyətləri üzərində, yüz ölçüb bir biçməklə, istədiyi xarakteri tapandan sonra o öz səhnə qəhrəmanının ədəbi mətni üzərində işləməyə başlayırdı. Burada açıq demək lazımdır ki, onu qane etməyən müəllif materialını qorxusuz, tənəsiz özününküləşdirməkdən çəkinmirdi. Maraqlıdır ki, müəlliflər bununla bağlı ondan narazı qalmırdılar.

Sənət mütəxəssilərinə bəllidir ki, Nəsibə Zeynalova böyük improvizə ustası idi. O, məşqlərdə belə obrazı müxtəlif tərzlərdə ifadəli və təsirli təqdim etmək bacarığına malik idi. Amma bu da var ki, N.Zeynalovanın improvizələri xaotik olmurdu, obrazın təbiətinə, onun əməl xəttinə uyğun bədii məzmun daşıyırdı. Yəni bayaqkı mülahizələrimizə istinad etsək, tam haqla deyə bilərik ki, K.S.Stanislavski onun oyununu müşahidə etsəydi, heç şübhəsiz ki, "inanıram"söylərdi.

Nəsibə Zeynalova təqdim etdiyi səhnə obrazının bədii həqiqətinə tamaşaçısını inandıra bilir, onu yoluxduraraq öz cazibəsində saxlamağı bacarırdı. Yenə K.S.Stanislavskinin təbirincə desək, "yoluxdurmaq bacarığı böyük istedadlara malik keyfiyyətdir". Hər böyük istedadın bir qayda olaraq, yaradıcılığının məhsulu içərisində onun şah əsəri sayılan işləri olur. Əslində, Nəsibə Zeynalovanın yaradıcılığı boyu yaratdığı səhnə obrazları içərisində bir neçəsini seçmək çətin məsələdir. Çünki bu sənətkarın zəif, yaxud uğursuz hesab ediləcək rolu olmayıb. Odur ki, müəyyən güzəştlərlə, nisbi seçim şərtilə onlardan bəzilərini fərqləndirmək mümkündür. Bu baxımdan yanaşsaq, Nəsibə Zeynalovanın yaratdıqları içərisində Züleyxa("Ulduz"), Cəhrə ("Altı qızdan biri"), Əsmət (Ev bizim, sirr bizim), Cənnət ("Qayınana"), Gülbacı ("Hicran") xüsusilə seçilir.

Bu obrazların Azərbaycan milli teatr tarixinə ifaçılıq sənətinin parlaq nümunəsi kimi daxil olan hər biri orijinal bədii məzmuna və oyun tərzinə malikdir. Milli mədəniyyətimizi yaradanların fəxri siyahısında özünə layiq yer tutan Nəsibə Zeynalovanın sənətkarlıq fenomeni onun bənzərsiz istedadından qaynaqlanır.

Ayrı-ayrı yaradıcı simaların, o cümlədən müğənnilərin, balet, yaxud dram sənəti ustalarının, hətta instrumental musiqi ifaçılarının belə repertuarı başqa biri tərəfindən təkrar ifa edilir. Yəni sənət təcrübəsində bu, tez-tez təsadüf edilir. Həmin ifanın hansı səviyyədə yerinə yetirilməsi başqa məsələdir. Amma bizim nümunədə, yəni Nəsibə Zeynalovanın obrazlarını xatırlasaq, tam qətiyyətlə deyə bilərik ki, bu sənətkarın ifası sözün əsil mənasında təkrarsız olmuşdur. Uzun illər ərzində onun rollarını təkrar ifa etməyə kimsə özündə cəsarət tapmayıb, çünki onun rollarının üzərində "Nəsibə Zeynalovanın istehsalı" möhürü var.

Nəsibə Zeynalovanın yaratdığı istər səhnə, istər ekran obrazları üzərində düşündükcə, bu sənətkarın fitrən yaradıcı şəxsiyyətinin universallığı heyrətləndirir. Zəngin bədii təxəyyülün, iti müşahidə qabiliyyətinin böyüklüyü sayəsində yaradılan Züleyxa ("Ulduz"), Cənnət ("Qayınana") , Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Şəhla xanım ("Qanun naminə"), Suğra xala ("Bizim Cəbiş müəllim"), Məsmə ("Yuxu"), Nəsibə xala ("Bəyin oğurlanması") kimi onlarla obrazlar həqiqi sənət hadisəsi sayıla bilər.

Nəsibə Zeynalova öz yaradıcı təbiəti etibarilə bütün sənət meyarları baxımdan milli sənətkardır. O, xalqımızın gülüş mədəniyyətinin tam hüquqlu daşıyıcısı, təmsilçisidir. Ölkəmizin bütün bölgələrini qarış-qarış gəzən sənətkar müşahidə etdiyi vəziyyətləri, təmas qurduğu insanları öyrənib, gör-götür edərək xarakterik keyfiyyətləri yaratdığı obrazların səhnə həyatına tətbiq edirdi. Elə buna görədir ki, Nəsibə Zeynalovanın qəhrəmanları bu qədər orjinal və koloritli, bu qədər canlı və təbii olurdular.

Biz bayaq Musiqili Komediya Teatrının iki görkəmli rəhbərini - Şəmsi Bədəlbəylini və Süleyman Ələsgərovu ayrıca qeyd etdik. Məhz Şəmsi Bədəlbəylinin rejissor dəsti-xətti, səhnə yozumlarının estetik şərtləri Nəsibə Zeynalovanın yaradıclıq işinə rövnəq verir, onun səhnə obrazlarını mənalandırırdı. Rejissor-aktyor münasibətində qarşılıqlı inam, anlaşmanı asanlaşdıran, yaradıcılığı doğru hədəfə ünvanlayan başlıca amildir. Bu baxımdam Şəmsi Bədəlbəyli ilə Nəsibə Zeynalovanın yaradıcılıq əməkdaşlığı, üzərində işlədikləri tamaşanın uğurunu labüdləşdirirdi.

Eyni fikirləri Nəsibə Zeynalovanın Süleyman Ələsgərovla yaradıcılıq əməkdaşlığı barədə də söyləmək olar. Müxtəlif obrazların vokal partiyasının işlənməsində Süleyman Ələsgərovun Nəsibə Zeynalovaya verdiyi dəstək, istər ayrı-ayrı musiqi vurğularının işlənməsi, istər reçetativlərin yerli-yerində oxunması, istərsə də mürəkkəb vokal ifasının qüsursuz təqdimatı tamaşaçıların görmədikləri gərgin məşqlərin nəticəsində mümkün olurdu.

Hər hansı tamaşa (yaxud film), aydın məsələdir ki, böyük kollektivin birgə əməyi sayəsində ərsəyə gəlir. Burada oyun şərtləri və rejissorun tapşırdığı bədii məqsədlərin estetik realizəsi işində tərəf müqabillərin qarşılıqlı səyi mühüm məsələdir. Tərəf müqabil təcrübəsiz olursa, əlbəttə iş çətinə düşür, bəzən çəkilən zəhmətlər də birə üç artmış olur. Nəsibə Zeynalova ilə tərəf müqabil olmaq, bu şərəfə nail olan bəzi aktyorların sözlərinə görə müəyyən mənada asan olsa da, böyük məsuliyyət tələb edirdi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, o öz qeyri-adi tələbkarlığı və iynə ilə gor qazmağı sevdiyinə görə, həm özünə zülm edirdi, həm də tərəf müqabillərinə, illah da ki, istedadına inandığı kəslərə; bu mənada o, heç kəsə güzəştə getməyi xoşlamırdı, hətta bir dəfə "Qayınana" tamaşasında oğlu Cahangir Novruzovla tərəf müqabil olanda onu əməlli-başlı tənbeh də etmişdi. Bu, Nəsibə Zeynalovanın uzun illik yaradıcılıq təcrübəsi ərzində tərəf müqabil olduğu Əlihüseyn Qafarlı, Münəvvər Kələntərli, İbrahim Şünasi, Lütfəli Abdullayev, Bəşir Səfər oğlu kimi görkəmli sənətkarlarla bərabər qazandığı və bütün qalan yaradıcılıq ömrünə bəs edəcək sənət tərbiyəsi, mənəviyyatına hopmuş, əqidəyə çevrilmiş estetik meyar, yaradıcılıq məsuliyyəti idi.

Nəsibə Zeynalovanın nadir istedadı sənətin ideya-bədii aşılanması, estetik təsir gücü məfhumlarını paradoksal dalana salırdı. Belə ki, yaratdığı obrazları tip səviyyəsində təqdim edən və onu mənfi keyfiyyətlərlə gen-bol bəzəyən Nəsibə Zeynalovanın qəhrəmanlarına nifrət oyanmırdı, əks effekt yaranırdı və onlar sevilirdi. Bu nə idi? Sənətin gücsüzlüyü, yoxsa tipin bəsitliyi? Nə birinci, nə də ikinci... Burada Nəsibə Zeynalovanın illər boyu qazandığı, səhnə məlahəti heç nə ilə müqayisə edilməyən və hər bir sənətçinin arzusunda olduğu sonsuz tamaşaçı rəğbəti öz işini görürdü.

Aktyor sənətinin xüsusiyyəti belədir ki, ən böyük uğurdan sonra belə yeni rol üzərində işləyəndə yenə sıfırdan başlanmalı olur və bu zaman növbəti dəfə yaradıcılığın gümanlar, tərəddüdlər, tapıntılar mərhələsi yaranır. Bu zaman aktyor təbiət kimi hər dəfə öz baharını yaşayır. Aktyor sevən insan misali öz məhəbbətini hər dəfə əməli ilə tamaşıçısına sübut etməli olur. Bu, onun sənət missiyasıdır. Məhz bu missiyanı ləyaqətlə daşıyan Nəsibə Zeynalova öz sənətinə və tamaşaçısına bəslədiyi sonsuz məhəbbətini yaratdığı hər obrazda, hər çıxışında örnək olacaq səviyyədə sübut edirdi.

Bu gün təkcə öz gəlini Elnarə xanımın deyil, bütün gəlinlərin sevimli "Qayınana"sı olan Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd edilir. Əfsanəvi üçlüyün sonuncusu olan, Nəsibə xanımın yaradıcılıq siması, milli mədəniyyətimiz qarşısındakı xidmətləri sonrakı əsrlərdə də xalqımızın yaddaşında yaşamaqda davam edəcək, çünki xalq sevgisinin tarixi əbədiliklə ölçülür.

İsrafil İsrafilov