PrimeTime.Az xəbər verir 8 dekabr tarixində tanınmış pop müğənnisi Jeyla "Xoxo" klubda ilk solo konsert proqramı ilə çıxış etdi.

Deyildiyi vaxtdan bir saat gec başlayan konsert Samir Bayramlının qonaqları salamlaması ilə start götürdü.

"İntro" qrupunun instrumental ifasının ardınca günün səbəbkarı səhnədə göründü.

Geyindiyi mini ətəkli qara libas, Jeylaya xüsusi şarm verirdi.

Həyəcan içində "Savaşma" adlı mahnısını səsləndirən müğənni, biri-birinin ardınca repertuarındakı bəstələri oxumağa davam etdi.

13 yaşında səhnə fəaliyyətinə başlayan Jeylanın təcrübəsi öz sözünü deyirdi. Sərgilədiyi hər bir performans, tamaşaçı alqışları ilə mükafatlandırıldı.

İki hissədən ibarət olan gecədə, sənət dostları da Jeylanı tək qoymadı.

Başda Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, populyar müğənni Zamiq Hüseynov, Leyli-Hakan cütlüyü, prodüser Leyman Tağıyeva, stilist Nasir və başqaları onun uğuruna ürəkdən sevindiklərini nümayiş etdirdi. Hətta Nailə xanım səhnəyə çıxıb mənəvi qızına mələk heykəlciyi bağışlayaraq ona xeyir-dua da verdi.

Konsert boyu ümumilikdə 18 mahnı səsləndi.

Birinci hissədən fərqli olaraq, ağ libasda səhnəyə qayıdan Jeyla hər ifası ilə bir başqa şou-göstərirdi.

O, həm də göz qamaşdıran imici ilə seçilməyin öhdəsindən gəldi. Saç və makiyajının, eləcə də geyim üzərində çalışmaq peşəkar stilist Elnur Həsənov həvalə olundu.

Aparıcı S.Bayramlını dediyi kimi gecənin memarı, Jeylanın prodüseri Zamiq İbrahimovdur. Konsertin ərsəyə gəlməsində Zamiqin çəkdiyi zəhməti heç bir sözlə ifadə etmək olmaz.

Yaddaqalan məqamlardan biri də Jeylanın, şair Baba Qədirlinin mərhum İran musiqiçisi Morteza Paşaiyin sözlərinə yazılmış "Gecə-gecə" mahnısını özünəməxsus şəkildə oxuması oldu.

Xalq artisti Zülfiyyə Xanbabayevanın "Darıxmışam" hiti də sənətçinin ifasında bir başqa səsləndi.

Gül yağışına qərq olan Jeyla, komandası adından söz verdi ki, çox yaxın vaxtlarda hazırlayacağı proqramla sevənlərinin qarşısında növbəti dəfə hesabat verəcək.

Məlumat üçün bildirək ki, konsertin informasiya tərəfdaşı həm də PrimeTime.Az idi.

Şahin Cavadsoy
Fotolar: Rahib Hacıyev
İnstagram: @rahib_haciyev