Hər kəsin radio aparıcı kimi tanıdığı Elgün Hüseynov yeni mahnısını təqdim edib. "Gizli söz" adlanan mahnının musiqisi Pərviz Mahmudov, sözləri NADO, aranjemanı Rəşad Bağırova məxsusdur. Layihənin rəhbəri Süleyman Məmmədovdur. 

Elgün PrimeTime.Az-a açıqlamasında artıq müğənni kimi daha peşəkar və geniş fəaliyyətə başlayacağını deyib. O, həmçinin aparıcılıqdan müğənniliyə yox, əslində müğənnilikdən aparıcılığa keçdiyini də açıqlayıb: "Mənim peşəkar səhnədə olmağım, müğənni kimi fəaliyyət göstərməyim təsadüfi deyil. İlk növbədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada-aktyorluğu fakültəsini bitirmişəm. Hələ tələbəlikdən bir çox konsert proqramlarında iştirak etmişəm, müsabiqələrə qatılmışam. Bu sıradan Brilliant Dadaşovanın protejesi olduğum "Akademiya" realiti-şousunu qeyd edə bilərəm. 5 ildir ki, Araz FM-də aparıcı kimi fəaliyyət göstərirəm. Müğənni kimi mahnılar yazdırırdım, təqdim edirdim. Lakin aparıcı kimi daha çox tanındım. Ona görə də belə qərar gəldim ki, əsas peşəmi, yəni səhnə fəaliyyətimi genişləndirim və peşəkar səviyyədə davam etdirim. Artıq ətrafımda böyük bir komanda çalışır və bundan sonra məni efirlərdə müğənni kimi görəcəksiniz, yeni mahnılarımı eşidəcəksiniz".

"Gizli söz" hazırda bütün radio dalğalarında yayımlanır və hit-parad sırasındadır. Qeyd edək ki, Elgün "Nəfəsim", "Pardon", "Sənsiz", "Bu sevginin", "Susma", "Əsgər gedirəm", "Qaçaqaç" mahnılarını da ifa edib. O, Məmmədbağır Bağırzadənin "Nəvə" və "Mənim balam bal dadır" mahnıları, "Şərikli çörək" filminin soundtreki olan "Uşaqlıq mahnısı"nı yeni aranjemanda təqdim edib.

Yaradıcılıq fəaliyyətini genişləndirən Elgün tanınmış fotoqraf Niko Abbasovun obyektivi önünə keçərək, yeni fotosessiyaya da imza atıb.

Mahnı, fotosessiya və backstage-ni təqdim edirik: