Azərbaycanın əməkdar artisti Aygün Bəylərin PrimTime.Az-ın "Tet-aTet" rubrikasında qonaq olub.

Aygün Bəylərlə solo-konsertindən əvvəl görüşdük. Vaxtının az olduğunu dedi və konsertqabağı həyəcanını da gizlətmədi. Yenidən Azərbaycan Dövlət Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış edəcəyinə görə, məmnunluğunu ifadə edən,Aygün Bəylər bir neçə sualımızı ayaqüstü cavablandırıb.

-Sizin konsertlərinizə gələn tamaşaçı kütləsi də bir başqa olur...

-Sağ olsunlar. Tamaşaçılar məni sevir. Təbii ki, bu sevgi qarşılıqlıdır. Amma yaşa dolmuşam və sənətdən getmək deməyim, amma uzaqlaşmaq istəyirəm. Mənim işim mikrofonu əlimə alıb, oxumaq deyil axı? Şərq musiqi məktəbi açmaq, tələbələr yetişdirmək istəyirəm. Artıq yorulmuşam. Təkcə sənət deyil axı? Allah bütün balaları saxlasın. Vaxtımın çox hissəsini qızıma ayırmaq istəyirəm. Övlad böyütmək, həm də sənətlə məşğul olmaq çətindir. Pul qazanmaq ikinci plana keçib. Mən deyərdim ki, sıradan çıxıb. Hərçənd, mənim işim həmişə sənətlə məşğul olmaqdan ibarət olub. Böyüklərin yanında, onların xeyir-duası ilə böyümüşəm. 27 yaşımda Ulu Öndərimiz mənə əməkdar artist fəxri adını verib. Allah ona qəni-qəni rəhmət eləsin. Mən onu hər zaman xatırlayıram. Allahdan özümə can sağlığı arzulayıram. Gələcəkdə tələbələr yetişdirmək istəyirəm.

Mən Azərbaycan Dövlət Filarmoniyasında, musiqi ocağında böyümüşəm. 10 yaşımdan Uşaq Filarmoniyasının solisti olmuşam və konsertlərimiz Filarmoniyanın səhnəsində baş tutardı. Filarmoniyanın səhnəsində konsert vermək xüsusilə xoşdur.

-Belə başa düşdüm ki, sənətdən getmək istəyirsiniz. Bu, konsert sonuncudur?

-Sözün düzü, yorğunluq var. Belə deyək də, yorulmuşam...

-Fiziki cəhətdən?

-Fiziki yorğunluq da, olur. Amma bu sənət elədir ki, adamı cavan saxlayır. Məsələn, mənə baxanda buna şahid olursan. (Gülür). Düzdür, illər ötür, yaşımızın üstünə yaş gəlir. Bu illər ərzində dəyişmişəm. Kilo almışam. Musiqi aləmində çoxluq var. Təvəzökarlıqdan uzaq olmasın. Amma mən sənətə elə sənətlə gəlmişəm. Böyüklərimizdən xeyir-dua almışam. Mən opera, simfonik-muğam yazmaq istəyirəm. Yazmışam da...

-Siz, bəstəkarlıq təhsili almısınız?

-Bəli, Bakı Musiqi Akademiyasının simfonik dirijorluq və bəstəkarlıq fakültəsini başa vururam.

-Müəllimləriniz kimdir?

-Simfonik dirijorluqda Əyyub Quliyev, bəstəkarlıqda Aydın Əzimzadədən dərs almışam. Mən öz istedadımın dərəcəsini bilirəm. Məndə sığar ikən sənət, mən bu sənətə sığmazam (Gülür). Düzdür, Nəsimiyə gedib çıxmayaq, cahandan danışmayaq. Cahan daha böyükdür, bilmirik ora gedib, çatacağıq. Amma hisslərimiz, duyğularımız ora gedib çatacaq.

-Opera yazmaq istəyinizi dediniz. Maraqlıdır, operanın mövzusu nə olacaq?

-Dahilərdən birinin əsəri olacaq. Nəsimi ola bilər. Çox istəyirəm ki, "Nəsimi" operası yazım. Qismət. Allah, Həsənağa Qurbanova rəhmət eləsin. Bir zamanlar "Dahilər dühası" adlı əsər yazmışdı. Mən də ona uyğun bir əsər yazmaq istəyərdim.

-Operanı yazıb, başa çatdırsanız, orada özünüzə rol düşünmüsünüz?

- Yox, özüm oxumayacam. Sadəcə əsərin müəllifi olacam. Gələcəkdə Üzeyir bəyin davamçıları olan böyük bəstəkarlarımız- Vasif Adıgözəlov, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Tofiq Quliyevin yolunu davam etdirmək istəyirəm.

-Aygün xanım, səhhətiniz necədir?

- Yaxşıyam. Şükür Allaha.

- Bir neçə il əvvəl səs tellərinizdə problem yarandığı və əməliyyat olunduğunuzu deyirdilər...

-Yox, yaxşıyam. Problemim yoxdur. Sadəcə, bir neçə il əvvəl səsimdə problem yaranmışdı və deyirdilər ki, guya "səsim batıb". Amma həmin ərəfədə mən ana olmuşdum. Qızım əməliyyat yolu ilə dünyaya gəldi və şəhərdə səs yayıldı ki, Aygünün səsi batıb, halı pisdir. Mən də sübut olsun deyə, qızımın beş aylığında Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdim.
Mənə bu səsi Allah bəxş edib. Özü məsləhət bildiyi vaxtda da, ala bilər. Səsimə nəsə olsa belə, mən musiqidən ayrı qalmaram. 5 yaşımdan musiqi məktəbinə getmişəm. Nağara, qoşa nağara, piano çalmağı bacarıram. İstedadlı insan hərtərəfli olur. Tələbələr yetişdirərəm, musiqi bəstələyərəm, paltar tikərəm, saç düzəldərəm. Bekar qalmaram. Əlimdən çox işlər gəlir.

-Ötən il konsert proqramı ilə çıxış edəndə müəyyən problemlər yaranmışdı.

-Hə, belə problem yaşamışdım. Ötən il konsert proqramı ilə çıxış edəndə evimi banka qoymuşdum. Bu günə qədər pulunu ödəyirəm. Amma bu dəfə Filarmoniyanin rəhbərliyi dəstək oldu. Murad Adıgözəlzadə sağ olsun. Filarmoniyanın səhnəsində rahat çıxış edirəm. Çünki məndən ödəniş istəmədilər.

Ülviyyə Həsənqızı
Foto: Rahib Hacıyev