Xalq artisti Bilal Əliyev PrimeTime.Az-ın "Tet-aTet" rubrikasının qonağıdır.

-Son illərdə solo-konsert proqramı ilə çıxış etmirsiniz. Səhnə üçün darıxmırsınız?

- Hələ ki, solo-konsert vermək fikrim yoxdur. Səbəbini izah edə bilmərəm. Bu, yorğunluq deyil. Bir şeirdə deyilir ki, "Ömrüm az, qabağım yaz" Ona görə insan fikirləşir ki, Allahın verdiyi ömrə lazım olanları bacardığımız qədər sığışdıra bilək.

-Deməli, konsert gələcəkdə olacaq?

-Gələcəkdə Allah qoysa, ola bilər. Nəinki, Azərbaycanda xaricdə də, solo-konsert proqramı ilə çıxış etmək istəyirəm. Amerikada, İngiltərədə, Kanadada, Rusiyada və s. çox ölkələr var.

-Yaradıcılığınızda hansı yeniliklər var? Yeni mahnı, təsnif?

-Üç ingilis mahnısı yazdırmışam. Artıq hazırdır.

- İngilis dilini ona görə öyrənirsiniz?

- (Gülür) Bəs necə? Oxuduğum mahnıların sözlərini, mənasını tam başa düşmək, dərk etmək, ondan sonra tamaşaçıya çatdırmaq istəyirəm. Bilirsiniz, dili bilməyəndə bir hərfin belə yeri dəyişəndə başqa mənanı ifadə edir.

-Bilal müəllim, bu yaxınlarda 100 illik yubileyinə qatıldığınız Rəşid Behbudovla birlikdə çalışmısınız. Ustadınızdan yadınızda nələr qalıb?

-Mənə o xoşbətlik nəsib olub ki, dünya şöhrətli Rəşid Behbudovla çalışmışam. Ondan öyrənmişəm. Rəşid müəllim, dünyasını dəyişdikdən sonra da onun adını daşıyan Mahnı Teatrında qalıb, işlədim. Rəşid müəllim, məni çox istəyirdi. Mahnı Teatrında səhnələşdirdiyi tamaşada, gənclik rollarını mənə həvalə etmişdi. Hətta, Moskvada xəstəxanada müalicə alırdı. Oradan da, Teatra zəng edib konsertlərin, tamaşaların gedişatı ilə maraqlanırdı. Sizə bir söz deyim. Mən səhnədə oxuyanda Rəşid müəllimin ürəyinin "tutduğu" vaxtlar olub.

-Sizin ifanıza heyran olub?

-Hə, çox bəyənirdi. Deyirmiş ki, "Bilal elə oxuyur ki, uşaqlığım, gəncliyim yadıma düşür". Mən çox xoşbəxtəm ki, ustadlarım qüdrətli sənətkarlar olub. Mahnı Teatrında Rəşid Behbudovun tələbəsi olmuşam, muğam dərslərimi isə Hacıbaba Hüseynovdan almışam. Bundan böyük xoşbətlik olar?

-Bilal müəllim, Rəşid Behbudovla işləmək çox çətin olar?

-Çətin adam idi. Düzdür. Qəliz xarakteri var idi. Amma bütün bu keyfiyyətləri tələbkarlığına bağlıdır. Rəşid müəllim, işinin öhdəsindən düzgün gələn, bütün tapşırıqları yerinə yetirən adama hörmətlə yanaşardı.

-Sizə qadağaları, iradları olub?

-Çox olub. Mənə deyirdi ki, "televiziyada çox görünmə." Toylara getməyə qətiyyən icazə verməzdi. Hər zaman deyirdi ki, "Sənətini mükəmməl öyrən. Onda hər yerdə işlərin yaxşı gedəcək".

-Qadağaları təkcə sənətlə bağlı idi?

-Sənətlə başlayıb, geyimimizə, çəkimizə qədər qadağa qoyardı. Məsələn, balet truppasını işə götürəndə tərəziyə çıxarıb, çəkdirərdi. Hamısının çəkilərini qramına qədər yazardı. Ondan sonra hər gün işə gələndə balet artistlərinin çəkilərini yoxlayardı. Vay, o gündən kimsə, azacıq kilo alaydı. Həmin adama şərt qoyurdu ki, əvvəlki çəkiyə qayıtmasan, yollarımızı ayıracayıq. Ona görə də, bütün truppa özünə, sözünə, çəkisinə diqqət edirdi.

-İdeal çəki nə qədər olmalıydı ki?

-Boyuna baxırdı. Hər kəsin boyuna uyğun çəkisi var idi.

-Sizə də, nəzarət edirdi?

-Hamımıza nəzarət edirdi. O zamanlar mənim çəkim 54 kq olub. Rəhmətlik, indi məni görsəydi, üzümə baxmazdı (Gülür) Heç özüm də, qorxumdan onun gözünə görünməzdim. 

-Rəşid Behbudovun repertuarından heç kimin oxumadığı hansı mahnıları oxumusunuz?

-Mən, Rəşid müəllimin repertuarından çox mahnılar oxumuşam. Elə mahnıları var ki, təkcə mən ifa etmişəm. Bakı haqqında bir mahnısı var idi. Yarımçıq mahnı idi. Belə idi : "Can Bakı, ay Bakı. Sənsiz bir günüm, dəqiqəm olmasın. Ay, Bakı, can Bakı"

Sonra İstanbul haqqında bir mahnısı var idi. Bunlar heç yerdə oxunmayıb. Yarımçıq qalan mahnılardır. İlk dəfə mən oxumuşam.

-Bu mahnıların bəstəkarı kim idi?

Rəşid müəllimin özünün mahnıları idi. Sözlərini də, özü yazmışdı. Allah ona rəhmət eləsin. Bu günə qədər Rəşid Behbudovun dəfn mərasimi gözlərimin önündədir. Cənazəsi Moskvadan gətirildi və insan selini xatırlayıram. Onunla vida mərasimi Filarmoniyada keçirilirdi. Hamımız fəxri qarovulda dayanmışdıq. Həmin gün yaşadığım kədəri sözlə ifadə edə bilmirəm...

Ülviyyə Həsənqızı