Hər həftənin cümə axşamı Xəzər TV-də yayımlanan gecə şousu "Nəsib Olsa" ötən gün yenə tamaşaçıların görüşünə gəlib.

PrimeTime.Az xəbər verir ki, məşhur aparıcı Nəsib Nurun təqdimatında yayımlanan proqramın bu dəfəki qonaqları xalq artisti Faiq Ağayev, rəqqasə Fatimə Fətəliyeva və Ümumdünya Kapoeriya Federasiyasının prezidenti Taleh Orucov olub.

29-30 dekabr tarixində ölkənin əsas səhnəsi hesab edilən Heydər Əliyev Sarayında "F.A Made in Azerbaijan" adlanan solo konsert proqramı ilə çıxış edəcək Faiq Ağayev, proqramda eksklüziv mahnısını səsləndirib.

Aparıcı Nəsib Nurun "Tamaşaçılar nəyə görə Faiq Ağayevin konsertinə getməlidir?" sualına, xalq artisti beş səbəb göstərərək, belə cavablandırıb: "Mən 4 ildir ki, konsert vermirəm, siz məni Heydər Əliyev sarayının səhnəsində görmürsünüz. Birinci səbəb 4 illik intizara son qoymaqdır.

İkinci səbəb, ondan ibarətdir ki, 8 yeni mahnı təqdim edəcəyəm. Bu gün həmin mahnılardan beşini səsləndirəcəyəm.

Üçüncü səbəb İnşAllah, könül yarımla tanış olmaq imkanınız olacaq. Dördüncü səbəb 90-cı illərdə ifa etdiyim mahnıları eşidəcəksiniz. Sonuncu səbəb isə siz məni son 12 ildir ki, eyni imicdə görürsünüz. Konsertdə tam fərqli Faiq Ağayev görəcəksiniz".

F.Ağayev, 200 min manat civarında vəsait tələb edən konsertin bütün xərclərini öz hesabına etdiyini bildirib: "Konsert sırf mənim hesabıma mailiyyələşdirilib. Çətin məsələ olsa da, mailiyyə gücünü tamaşaçıların üzərinə atmamışam. Pul qazanmaq kimi fikrimiz yoxdur. Ona görə konsertin biletlərini belə ucuz etmişik".

Verilişin davamında xalq artisti "Made in Azerbaijan" brendinə toxunub: "Bilirsiniz ki, cənab prezident "Made in Azerbaijan" brendinin təşviqi və dəstəklənməsi ilə bağlı fərman verib. Biz Azərbaycan məhsuluna dəstək olmalıyıq. Bu çox vacibdir. Bütün dünya bizim məhsulları tanımalıdır".

Baxımlı gecə şousunun digər qonağı rəqqasə Fatimə yaradacılığındakı yeniliklərdən söz açıb: "Əslində mən də sənətim üzərində daim çalışan, ildə bir dəfə konsert verən simalardanam. İnşAllah, 2017-ci ilə planlarım daha böyükdür. Deyə bilərəm ki, tufan edəcəyəm".

Verilişin davamında "Nəsib olsa"nın kollektivi aparıcı Nəsib Nura yenə də sürpriz edib. Belə ki, "Nəsib Olsa" verilişi, "Zirvə Ziyalılar Təşkilatı"nın təsis etdiyi "Azerbaijan Best Awards" mükafatına layiq görülüb.

Təqdim etdiyimiz fotosessiyanın müəllifi Xəzər Tv-nin rəsmi fotoqrafı İska İsmayılov çəkib.

Gülnar Qafarlı