PrimeTime.Az xəbər verir ki, dekabrın 27-si əməkdar artist, Azərbaycan Musiqili Teatrının aktyoru Çingiz Əhmədovun doğum günüdür.

Sevilən aktyorun 54 yaşı tamam olur.

Bu münasibətlə PrimeTime.Az-a müsahibə verən əməkdar artist sənət yolunun oğlu İbrahim tərəfindən davam etdirildiyini deyib:
"Bu gün doğum günümdür. Çox fərəhliyəm. 54 yaşım tamam olur. Şükür Allaha, yaxşı ailəm, sənətim var. Mənə ən böyük sevinc bəxş edən odur ki, oğlum İbrahim sənət yolumu davam etdirir. Artıq bir ilə yaxındır ki, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Maraqlı rolları var. İki gün əvvəl premyerası olan "Əli və Nino" tamaşasında Əlinin dostu İlyas bəy surətini ifa edib. Həyat yoldaşımla birlikdə ona tamaşa etməyə getdik. Hər valideynə övladının şad gününü, gözəl gününü görmək böyük xoşbəxtlikdir.

-Oğlunuzun aktyor olduğunu bilmirdim...

-Çoxları bilmir. İbrahim çox istedadlıdır. Hətta Gülşad xanım Baxşiyeva mənə deyir ki, oğlun səndən talantlıdır. Bu da, məni çox sevindirir. Bilirsiniz, hansı oğlandır? Rövşən İsaxın "Vicdan haqqı" serialında İmranın oğlu Vüsal obrazını ifa edir. Türkiyədən gələn oğlan.

-Hə, tanıdım. Çingiz müəllim, oğlunuz həm də sizdən yaraşıqlıdır...

-(Gülür) Nə gözəl. Çox sevindim. İbrahim məndən yaraşıqlı, istedadlı olsun. Bunu eşitmək mənim fəxrimdir. Hər valideyn üçün böyük şərəfdir. Övladlarımız bizdən bir addım öndə olsunlar.

-Aktyor olmasını özünüz istədiniz?

-Təbii ki, yol göstərdim. Amma bu sənəti özü seçdi. İbrahim yaxşı oxuyur, gözəl musiqi duyumu var. Rus dilini də, mükəmməl bilir. Bu səbəbdən də, Rus Dram Teatrını seçib. Allah, hamının övladını qorusun. Mənim oğlumla birgə...

-Çingiz müəllim, doğum gününüzdür. 54 yaşınız tamam olur. Gələn il yubiley ili olacaq. 55-ə  doğru getmək çətin gəlmir?

-İki dənə beş yan-yana. Gəl, ay qonşumun qızı. (Gülür). Təbii ki, istəyərdim doğma teatrımda 55 illik yubileyimlə bağlı tamaşa hazırlansın. Amma 55-ə hələ bir il var. Allah qismət eləsin, hər şey olar.

-Sizin, "Məşədi İbad" obrazını ifa edəcəyinizi eşitdik. Amma deyəsən alınmadı?

-"Məşədi İbad"dan bir parçanı Nəsibə xanımın yubileyində ifa etdim. Amma bütövlüklə tamaşada ifa etməyə gəlincə, bilirsiniz indi zövqlər itib. O, vaxt olan aktyorlar indi yoxdur. Hərdən düşünürəm ki, kimləri görmüşəm, kimlərlə eyni səhnəni paylaşmışam. O, aktyorları yada salanda çaşıb qalıram. Amma Musiqili Teatrda yaxşı tamaşalarımız var.

- Musiqili Teatrda çalışmaq çətin deyil?

-Yox, çətin deyil. Artıq 32 ildir Musiqili Teatrda çalışıram. Gəncliyim həmin teatrda keçib. Bir ara fasilə verdim. Amma rəhmətlik, Hacıbaba Bağırov məni yenidən teatra qaytardı və özünün ifa etdiyi rolları mənə verdi. 50 nəfərlik orkestrlə canlı ifa etmək asan deyil. Elə, "qurdumu" oxumaqla öldürürəm.

-Bir zamanlar Dram Teatrında çıxış etmək istəyirdiniz?

-Konkret teatr adı çəkə bilmərəm. Amma daxilimdə dramatik çalarlar var. Təəssüf ki, mənim bu istedadımdan istifadə edən olmadı. Amma sevinirəm ki, oğlum sənət yolumu davam etdirir və əsası odur ki, dramatik səhnədə maraqlı rollar ifa edir. İbrahim Çingiz adını harada eşitsəniz bilin ki, mənim oğlumdur.

Ülviyyə Həsənqızı

Fotolar: Rahib Hacıyev