PrimeTime.Az apasport.az-a istinadən xəbər verir ki, beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuranların yekun siyahısını tərtib edib.

Planetin ən yaxşısı adına Luis Suares sahib olub. "Barselona"nın heyətində İspaniya çempionatında 40 qol vuran futbolçu 3-cü dəfə bu titula yiyələnib. O, 2010-cu ildə "Ayaks", 2014-cü ildə "Liverpul"un heyətində dünyanın ən məhsuldar hücumçusu olub.

Suares 2-ci olan Zlatan İbrahimoviçdən (PSJ) 2, ilk "üçlüy"ü qapayan Qonzalo İquayndan ("Napoli") 4 top öndədir. Kriştianu Ronaldu ("Real") 35 qolla 4-cü, Conas ("Benfika") 32 qolla 5-cidir. Eran Zahavi ("Makkabi" Təl-Əviv) 31, Robert Levandovski ("Bavariya") 30 dəfə fərqlənməklə ön sıralardadır.

Azərbaycan çempionatının ötən mövsümünün bombardiri Dani Kintana 15 qolla siyahıdan kənarda qalıb. "Qarabağ"ın ispaniyalı legionerinin yer almadığı cədvələ 24 və daha çox qol vuranlar daxil olublar.

Qeyd edək ki, Suares 3 dəfə, həm də üç fərqli klubla planetin ən yaxşı bombardiri olan ilk futbolçudur. O, 2 dəfə bu uğuru qazanan Kriştianu Ronaldu, Lionel Messi və Mario Jardeli arxada qoyub.