PrimeTime.Az xəbər verir ki, xalq artisti, milyonların sevimlisi, Cənab Qızıl Şlyager Faiq Ağayev 29 dekabr tarixində Azərbaycanın əsas səhnəsi hesab edilən Heydər Əliyev Sarayında möhtəşəm solo konsert proqramı ilə çıxış edib. 

"F.A Made in Azerbaijan" adlanan proqramın hazırlıqlarına xalq artisti bir neçə ay öncədən hazırlaşdığı üçün, saraya gələn tamaşaçı bilirdi ki, F.Ağayev hər bir ifasında mükəmməl performans sərgiləyəcək.

4 illik fasilədən sonra sarayın səhnəsində görünən xalq artisti konsertə "Gəl səni xoşbəxt eləyim" mahnısı ilə start verib.

Daha sonra konsertinə gələn tamaşaçıları salamlayan sənətkar Heydər Əliyev Sarayı və sevənləri üçün çox darıxdığını dilə gətirib: "Nəhayət 4 illik fasilədən sonra məni sevənlərin görüşünə gəldim. İnanın sizlər və bu səhnə üçün çox darıxmışdım. Ümidvaram ki, 3 saat ərzində mahnılarımı dinləyərək, istirahət edəcəksiniz.

Bu illər ərzində ən böyük qazancım təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür Yaradana... Məni bu pilləyə layiq görən vətənim, xalqımdır! Verdiyiniz dəyər ən böyük varlığımdır. Nə yaxşı ki, varımsınız".

Ötən gün 45 yaşı tamam olan sevilən ulduz doğum gününü elə səhnədə qeyd edib: "İndidən deyirəm ki, biləsiniz. 45 yaşım tamam oldu. Amma özümü 28 yaşımdakı kimi hiss edirəm".

Səsi ilə yanaşı hər zaman dostluğa verdiyi böyük dəyəri, yüksək intellekti, bacarığı, savadı və mədəniyyəti ilə digər həmkarlarından seçilməyi bacaran F.Ağayev 3 saat 15 dəqiqə ərzində tamaşaşılara əsl bayram coşqusu yaşadıb. Sevilən ulduz onun üçün xüsusi hazırlanmış 4 gözoxşayan kostyum dəyişdirib.

Xalq artisti ən yaxşı ansambl- musiqiçilərin müşayiəti ilə təxminən 10-a yaxın yeni mahnı, o cümlədən 90-ci illərin hitlərini alqış sədaları altında məharətlə səsləndirib. Xüsusi LED ekranlar, parlaq dekorasiya, rəqs qrupları, bəzi kompozisiyaların ifasında Cənab Qızıl Şlyagerin kliplərindən gedən kadrlar müğənninin çıxışlarına xüsusi effekt verib.

Solo konsertdə ən diqqətçəkən və təqdirəlayiq məqamlardan biri Faiq Ağayevin konsertinə gələn tamaşaçılara səmimi münasibəti olub.

Məşhur, həmçinin zarafatlarından qalmayaraq, konsertdə müsbət ab-hava yaratmağa müvəffəq olub.

Hər çıxışı alqışlarla qarşılanan xalq artisti pərəstişkarları tərəfindən gül və hədiyyə yağışına tutulub.

Daim azərbaycanlı olduğuna görə fəxr edən və Azərbaycanı ləyaqlə təmsil edən Faiq Ağayev möhtəşəm konsertini dövlət himni ilə sona çatdırıb.

Qeyd edək ki, 29-30 dekabrda baş tutan solo konsertin bu gün son günüdür.

Gülnar Qafarlı

Fotolar: Rahib Hacıyev