"İşsizəm əziz dostlar, yəni daimi işdən gedir söhbət. Maraqlısı odur ki dünyanın hər bir yerində məni dövlət özü tanınmış insan kimi qəbul edib daimi ev və iş tapana qədər kompensasiya ilə təmin etməyə hazırdır".

PrimeTime.Az xəbər verir ki, bu sözləri tanınmış reper Anar Nağılbaz Facebook sosial şəbəkə hesabında yazıb. Reper uzun illər müxtəlif telekanallarda, o cümlədən ABŞ-da çalışdığını bildirib: "2013, oktyabrın 1-i işimdən azad olmuşam (öz ərizəmlə, məcbur). Əvvəlki nazirimiz Polad Bülbüloğlu ilə də, indiki nazirimiz Əbülfəz bəylə də şəxsi görüşlərim olub. Deyiblər, sən tanınmış adamsan, gərək ki toyların çoxdur. Demişəm elə deyil, rep milli yem deyil, ancaq elə klublarda qəbul olur, bizə işləməyən kinoteatrlardan birini verin, müasir musiqi klubu açaq".

Anar Nağılbaz hətta satıcı işləməyə də razı olduğunu bildirib: "Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa dostlarıma qoşula bilərəm! Çalışdığım bütün yerlərdə müəssisənin qanun-qaydasına uyğun işləmişəm".