Yeni İldən etibarən Xəzər TV-nin bir çox verilişlərinin efir vaxtında dəyişiklik edilib. Onlardan biri də Nəsib Nurun aparıcısı olduğu ən baxımlı gecə şousu "Nəsib Olsa"dır.

PrimeTime.Az xəbər verir ki, proqram 2017-ci ildən həftədə 1 dəfə deyil, həftə içi hər gün yayımlanacaq və 1 saat davam edəcək.

Yanvarın 3-ü reytinqli verilişin ilk qonağı xalq artisti Nazpəri Dostəliyeva olub.

Sənətçi, 2016-cı ildə əldə etdiyi uğurlardan danışıb: "Xoş xəbərlər daha çox aldım. Xüsusu ilə dekabrda maraqlı sürprizlərlə qarşılaşdım. Ən əsası sevənlərim ilə olan intizarına son qoydum. Demək olar ki, bütün kanallarda efirlərə çıxmışam. Həm sevənlərim, həm də mən xoşbəxt oldum".

Nazpəri xanım Yeni İli öz evində, nəvələrinin ətrafında qeyd etdiyini bildirib: "Şou proqramlara çox dəvətlər aldım. Amma bilmirəm, nədənsə son illər çox kövrək olmuşam və istədim ki, yeni ili övladlarımla birgə keçirim".

Nazpəri xanım efirlərə tez-tez çıxıb, tamaşaçıların gözlərini yormaq istəmədiyini də əlavə edib. O, efirdən sevənlərinə belə səslənib: "Ay mənim İnstagram dostlarım, Whatsappımı söküb-dağıdanlar çox dediniz Nəsibin verilişində qonaq ol. Bu mən, bu də Nəsib. Axır ki, burdayam".

Uzun illərini sənətə sərf edən xalq artisti 2017-ci ildən gözləntilərini dilə gətirib: "Sözsüz yaradıcı insan əlini soyudub, bir yerdə qalmır. Mən də həmçinin...

Gözəl mahnılar yazmışıq, klip çəkdirmişik. İnşAllah çoxdan üzərində çalışdığım layihəni bu yaxınlarda təqdim edəcəm. Çoxdandır tamaşaçılara söz vermişdim ki, solo konsertlə çıxış edəcəyəm. Yaz aylarında Heydər Əliyev sarayında konsert proqramı ilə görüşünüzə gələcəyəm. Bu mənim ən vacib planlarımdan biri və birincisidir".

Xatırladaq ki, təqdim etdiyimiz fotoların müəllifi kanalın rəsmi fotoqrafı İska İsmayılovdur.