PrimeTime.Az verir ki, bu gün Akademik Milli Dram Teatrının mərhum aktrisası, əməkdar artist Sevil Xəlilovanın doğum günüdür.

Sevil Rza qızı Xəlilova 1953-cü ildə Bakıda anadan olub.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub.

Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib.

Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s.

Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

2011-ci il noyabrın 28-də 58  yaşında  vəfat edib.