Bu gün tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi, əməkdar incəsənət xadimi Aygün Səmədzadənin doğum günüdür.

PrimeTime.Az xəbər verir ki, sənətçinin 50 yaşı tamam olur.

A.Səmədzadə 1967-ci il yanvarın 11-də Bakıda anadan olub. Bəstəkar "Tut ağacım" (Aygün Bəylər), "Məktəb illəri" (Lalə Məmmədova), "Bu dünyanı nağıl bilək", "Tənha royal" (İlqar Muradov), "Bakinski roman" (Qismət), "Gecələr" (Azərin), "Yağış", "Bakı haqqında nağıl" (Eyyub Yaqubov), "Sənli günlərimçün çox darıxmışam" (İlhamə Quliyeva), "Qəfil zəng", "Peşmanam" (Ayaz) və bir çox digər mahnıların müəllifidir.

2000-ci il "Best of Best" müsabiqəsində bəstəkarın "Məktəb illəri", 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda "Bu dünyanı nağıl bilək", "Yağış" mahnıları birinci yerlə mükafatlandırılıb, "Tut ağacım" isə Tamaşaçı Rəğbəti və Qran-pri mükafatına layiq görülüb. 2006-cı ilin yekunlarına görə, "Subaylığın son gecəsi" "İlin Mahnısı" adını alıb.

Qeyd edək ki, bəstəkar Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin qızıdır.