PrimeTime.Az xəbər verir ki, Azərbaycanın görkəmli sənətkarı, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı Sumqayıt Teatrında tamaşa oynayacaq.

Bu barədə  özəl xəbəri Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov  PrimeTime.Az-a deyib.

Süleyman Ələsgərovİsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" adlı məşhur musiqili komediyası bu dəfə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

Tamaşa, Sumqayıt Teatrının özəl layihəsi əsasında baş tutacaq.

Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən Afaq Bəşirqızı yenidən bu rolu canlandıracaq.

Afaq Bəşirqızı Səməni obrazını bu dəfə ona doğma olan Sumqayıt Teatrının səhnəsində ifa edəcək. Belə ki, xalq artisti 1975-ci ildən 1989-cu ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

Yaxın günlərdə məşqlərinə start veriləcək tamaşanın quruluşçu rejissoru, əməkdar artist, Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

Qeyd edək ki, "Subaylarınızdan görəsiniz" musiqili komediyası sonuncu dəfə Musiqili Komediya Teatrının səhnəsində xalq artisti, unudulmaz sənətkar Yaşar Nurinin quruluşunda tamaşaya qoyulub.

 Ülviyyə Həsənqızı