PrimeTime.Az xəbər verir ki, bir neçə gündən sonra müdhiş qanlı yanvar faciəsinin 27-ci ildönümü tamam olur.

Bu münasibətlə Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş olunacaq.

Tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşada "Aytam" uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin üzvləri, ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcək.

Əsər, yanvarın  20-də, saat 15.00-da nümayiş olunacaq.