Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının görkəmli sənətkarı Rafiq Əzimov PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasının qonağı olub.

Fevralın 6-da doğum gününü qeyd edən müdrik sənətkar ürəyindən keçənləri PrimeTime.Az-ın oxucuları ilə bölüşüb.

- Rafiq müəllim, doğum günündə təbrikləriniz çox oldu?

- 79 yaşım tamam oldu. Şükür Allaha ki, bu yaşımda səhnədəyəm. Tamaşaçılarımla ünsiyyətdə oluram. Məni sevirlər, hörmət edirlər, sənətimə dəyər verirlər. Bundan yaxşı nə ola bilər?!Həmin gün televiziyalarda qonaq oldum. Azərbaycan Televiziyası Teatr Xadimləri İttifaqının səhnəsində tamaşaya qoyulan "Stullar" tamaşasının videolentini yaddaşına köçürtdü. ARB və Lider kanalları haqqımda bir saatlıq veriliş nümayiş etdirdi. Məni unutmadılar. Yad etdilər. Amma doğum günlərini xüsusi qeyd etməyi sevmirəm.

- Yubiley deyil ona görə?

- (Gülür) Yubiley gələn il olacaq. İnşallah. Təki canımız sağ olsun. Tamaşaçılarla ünsiyyətim, onlara verdiyim hesabat mənim üçün ən böyük bayramdır. Onlar ünvanıma xoş sözlər deyəndə məndən xoşbəxti olmur. Sənətkarı belə münasibətlər yaşadır. 55 ildir bir ünvanda-Akademik Milli Dram Teatrında çalışıram. Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəbdən başqa bütün sənətkarları görmüşəm. Onlarla ünsiyyətdə olmuşam. Bəziləri ilə tərəf müqabili kimi səhnəyə çıxmışam. Mən danışanda təkcə özüm barəsində söz demirəm. Müəllimlərim, sənət dostlarım, dəyər verdiyim sənətkarların hamısı barəsində danışıram. Onları xatırlayıram, yad edirəm. Müəllimlərimdən, sənət dostlarımdan çox şey öyrənmişəm.

- Rafiq müəllim, özünüz pedaqoji fəaliyyət göstərmisiniz?

- On il müəllim kimi fəaliyyət göstərmişəm.İlk dəfə 1970-ci ildə Mədəniyyət və İncəsənət Universitetində dərs dedim. O, zaman İnstitutun rektoru Rahib Hüseynov məni, Hamlet Xanızadəni və Şahmar Ələkbərovu pedaqoji fəaliyyətə cəlb etdi. Mən 4-cü kurslara dərs deyirdim. İlham Əhmədov, Hafiz Fətullayev, Sadıq İbrahimov oxuyan dördüncü kursu mənə tapşırdılar. Kursun rəhbəri Zəfər Nemətov idi.

- Müəllimlik etmək sizi bezdirdi?

- Yox, bezdirmədi. Amma vaxtımı alırdı. 1970-ci ildə Tofiq Tağızadənin çəkdiyi "Yeddi oğul istərəm" filminə təsdiq olundum. Maraqlıdır ki, hər üçümüz təsdiq olunduq. Hamlet, Şahmar və mən. Ona görə də, məcbur olub institutdan ayrıldıq. Sonralar mütəmadi olaraq hər il filmlərə çəkildim. "Xatirələr sahili", "Qızıl qaz", "Ömrün ilk saatı" filmləri 1971-72-73-cü illərə təsadüf etdi.

- Ümumilikdə neçə filmə çəkilmisiniz?

- 30-40 film olar.

- Teatrda da 150-200 rolda çıxış etmisiniz?

- Olar. Az olmaz ki, çox olar. 55 ildir teatrda olan aktyorun nə qədər rolları olar.

- Hələ televiziya tamaşaları var...

- Televiziya tamaşaları lap çoxdur. Sonra "Damğa" adlı satirik teatr yaratmışdım. Orada nə qədər tamaşalar hazırlamışam. Hələ elə tamaşalar olub ki, canlı yayımlanıb. Videoyazı variantı yoxdur. Sizə maraqlı hadisə danışım. Televiziyada "Dədə Günəş əfsanəsi" adlı bir tamaşamız yayımlanmışdı. Tamaşanın rejissoru rəhmətlik Rauf Kazımovski idi. Orada rəngsaz rolunda çıxış edirdim. Televiziya tamaşasına gözəl bəstəkarımız Ramiz Mirişli musiqi bəstələmişdi. Mənim obrazımın mahnısını xalq artisti Arif Babayev oxumuşdu. Gözəl mahnı idi. Rauf Kazımovski mənə dedi ki, "Mahnının sözlərini yaz və əzbərlə". Təbii ki, belə də etdim və tamaşa lentə alınanda mahnını mən oxuyurmuş kimi, fonoqram altında sözləri deməyə başladım. Tamaşa canlı yayımlandı. Günlərin birində teatrdan çıxıb, evə gedirdim. Birdən yanımda avtomobil dayandı və Arif Babayev maşından düşüb mənim üstümə gəldi. "Sən neyləmisən? Sənin əlindən Filarmoniyaya gedə bilmirəm? Mənə deyirlər ki, bir aktyor var, eynən sənin kimi oxuyur. Hələ səndən də, yaxşı oxuyur. Mən də, inandıra bilmirəm ki, həmin səsin sahibi elə mənəm".

Arif Babayevi sakitləşdirdim ki, çox əsəbləşməsin. Sadəcə fonoqramı elə təbii oxumuşdum ki, çoxları səsin müəllifinin mən olduğumu düşünmüşdü.

- Rafiq müəllim, 2018-ci ildə yubileyinizdir. Yubiley münasibətilə xüsusi nəsə hazırlanacaq?

- İnşallah, sağlıq olsun yəqin ki, nəsə hazırlanar. Şükür Allaha, teatrın repertuarında maraqlı tamaşalarda çıxış edirəm. Bu yaxınlarda Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində E.İoneskonun "Stullar" tamaşasında Qoca,  teatrda isə C.Cabbarlının "Almaz" pyesində Mirzə Səməndər obrazında çıxış etmişəm. Amma xüsusi nəsə hazırlanması məndən asılı deyil.

- Təbii ki, rejissorlar düşünməlidir...

- Sözsüz ki, rejissor istəməsə, könlü olmasa aktyor nə edə bilər?! Mənim sənətimi sevən, dəyərləndirən bütün rejissorların tamaşalarında hər zaman çıxış etmişəm.

- Belə başa düşdüm ki, ürəyinizdə qalan xüsusi obraz yoxdur...

- Siz, "Stullar" əsərinə tamaşa etmisiniz. Həmin tamaşada çox fərqli obrazda çıxış etmişəm. "Stullar"da Kral Lirdən bir parçanı ifa edirəm. Tamaşa içində, tamaşa...

- Deyəsən, ürəyinizdə qalan obraz Kral Lirdir...

- (Gülür). Ola bilər. Amma o rolu mənə təqdim edən rejissor olmalıdır. Rejissor gərək o, obrazı səndə görsün.

Ülviyyə Həsənqızı
Foto: Rahib Hacıyev