Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyevanın PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasına müsahibə verib. Səidə xanım, yaradıcılığında baş verən son yeniliklərdən PrimeTime.Az-a danışıb. 

- Səidə xanım, mətbuatda sizi az-az görürəm. Müsahibə verməklə aranız yoxdur?

- Çalışıram ki, mətbuatda çox görünməyim. Maraqlı tamaşalar, filmlər olanda məmnuniyyətlə danışmağa, müsahibə verməyə hazıram. Amma görünmək xətrinə nədənsə danışmaq mənə yaraşmaz. Bəzi jurnalistlər elə bayağı suallarla müraciət edirlər ki, bilmirəm nə cavab verim. Bu səbəbdən hər verilişə getmirəm. Mətbuatda görünməyi də sevmirəm.Yaradıcılığımda yeni heç nə yoxdur. Bu yaxınlarda serial təklifi aldım, amma imtina etdim.

- Sizi nə qane etmədi?

- Həm tərəf müqabilləri, sonra rejissorlar və veriləcək qonorar. Bilirsiniz, illərlə damla-damla yığdığım hörməti birdən itirə bilmərəm. Şükür Allaha ki, bu günə qədər hörmət qazanmışam. Tamaşaçılarım məni sevir. Maddi baxımdan ehtiyacım ola bilər, amma mənəviyyat mənim üçün daha önəmlidir. Ona görə də səbrlə gözləyirəm və inanıram ki, yaxın vaxtlarda maraqlı serial, tamaşa, film olacaq. Ürəyimcə bir iş olsun ki, tamaşaçılarıma gözəl obrazlar təqdim edim.

- Teatrda yeni tamaşa yoxdur?

- Yeni tamaşam yoxdur. Köhnə tamaşalarda rollarımı ifa edirəm. "Anamın kitabı", "Xanuma". Təəssüf ki, "Qatil" tamaşası repertuardan çıxdı.

- Təəssüf. Sizin obrazınız maraqlı idi...

- Hə, "Qatil" maraqlı tamaşa oldu. Hələlik iki tamaşada çıxış edirəm. Bilirsiniz, indi yaşımızın elə dövrüdür ki, mütləq xarakterik obrazlar yaratmalıyıq. Həm də aktyor xarakterik obrazlar ifa etməklə daha çox yetişir, nəsə yeni söz demək istəyir. Belə aktyor hər zaman qazanc əldə edir.

- Deyəsən dublyaja da getmirsiniz...

- Hə, son vaxtlar az-az gedirəm.

- Yorulmusunuz?

- Yox, yorğunluq deməzdim. Amma çağırılanda gedirəm. Düşünürəm ki, gənclərə yol açmaq lazımdır.

- Səsin gəncə, qocaya aidiyyatı yoxdur axı...

- Sözsüz. Mən radioda "Bulaq" verilişini aparıram. Hər həftə "Bulaq"la dinləyicilərimin görüşünə gəlirəm.

- Rəşid Səməndərlə birlikdə verilişi təqdim etmək maraqlıdır?

- Əlbəttə. Rəşid çox istedadlı oğlandır.

- İlham Əsgərovdan sonra yeni tərəfdaşla birlikdə olmaq çətin olmur?

- Allah İlhama rəhmət eləsin. Onun yeri bir başqa idi. Mən müqayisə etmirəm. Rəşidi atası,  rəhmətlik Səməndər Rzayevlə müqayisə etmirəm. Hər biri başqa idi. Səməndərə Allah rəhmət eləsin. Onun səsi, nəfəsi bir başqa idi. İlham rəhmətlik tamam başqaydı. Rəşid isə özünəməxsus səsə, aktyorluq ifasına malikdir. Mən Rəşidi çox dəstəkləyirəm və bəyənirəm. Rəşid Səməndər İrəvan Teatrının da aktyorudur. Teatrda yaxşı rollar ifa edir. O həm də çox savadlı oğlandır.

- Səidə xanım, yaradıcılığınızda yenilik olmadığını dediniz. Gözləmə mövqeyində dayanmaq nə dərəcədə doğrudur?

- Neyləməli? Bizim qismətimizə bu yazılıb.

- Yaş ötür, ömürdən illər gedir...

- Haqlısınız. Amma gözləməyin yaxşı tərəfləri də olur. Biri-birinin ardınca obrazlar ifa edən aktyorlar var ki, çox zaman özlərini təkrar edirlər. Hətta dünya miqyasında olan aktyorların yaradıcılığında da belə hadisələr baş verir. Təkrarçılıqdan qaçmaq üçün bir qədər fasilə vermək yerinə düşür.

- Səidə xanım, hansı obrazı ifa etmək istəyərsiniz?

- Arzularım çoxdur. Amma mən aktyor taleyimi hər zaman rejissora həvalə edirəm. Rejissora çox inanan aktrisayam. Sizə bir etiraf edim.Hər bir rejissorla işləməyi bacaran aktrisayam. Öz potensialıma inanıram. Məsələn, Azərbaycanda olan yaxşı rejissorlarla işləmişəm. Maşallah, hamısı ilə iş birliyim olub 

-Bir zamanlar Vaqif Mustafayevin filmlərinə çəkilirdiniz. Deyəsən, son vaxtlar film yoxdur?

-Hələlik yoxdur. Vaqif Mustafayev "Space" kanalının prezidenti olandan filmlər azalıb. Bəlkə yeganə insanam ki, Vaqif Mustafayevi televiziya rəhbəri olanda təbrik etmədim. Bilirsiniz niyə? Mən istəyirdim ki, Vaqif hər zaman filmlər çəksin. Onun yaradıcılığını çox qısqanıram. Gözəl rejissordur. Hər zaman filmlərində rol almaq istəyirəm. Onun istedadına çox heyifim gəlir. Ümumiyyətlə, yaradıcı adam hər zaman iş başında olanda maraqlıdır. Məsələn, mən heç vaxt rejissorluq etmərəm. Çünki bildiyim o dərəcədə deyil. Öz sənətimi mükəmməl bilirəm və tək bu sənətlə məşğul olanda özümü rahat hiss edirəm. Aktrisa kimi fəaliyyətimdən başqa, pedaqoji fəaliyyətlə məşğul ola bilərəm.

- Dərs demisiniz?

- Doqquz il müəllimlik fəaliyyəti ilə məşğul oldum. Yaxşı tələbələrim var idi. Gələcəkdə də səhnəyə yararsız olduğumu görsəm yenidən pedaqoji fəaliyyətlə məşğul olacağam.

- Hələ səhnəyə lazımlısınız?

- Şükür Allaha, hələlikbelədir. Amma başqa cür də ola bilər. Belə hal baş versə, səhnədən gedərəm.

- Səidə xanım, oğlunuz necədir?

- Şükür, yaxşıdır. 20 yaşı var. Mədəniyyət və İncəsənət Universitetində III kursda oxuyur. Gələcəyin operatorudur. Operatorluğa böyük həvəsi və istedadı var. Övladım olduğu üçün demirəm, amma bu həqiqətdir.

- Kinooperator olmaq istəyir?

- Hə, kino operatoru olacaq. Oğlumu üzünə qarşı tərifləmirəm. Hərdən mənə deyir ki, "Səndən bir tərif eşidə biləcəm?". Amma müəllimləri çox tərifləyir. Onun tərifini eşitmək məni sevindirir. Tək övlad olanda bir başqa olur. Hərdən düşünürəm ki, mənim bir neçə övladım olsaydı belə hamısını eyni dərəcədə çox sevərdim. Ana bütün övladlarına eyni gözlə baxır.

Ülviyyə Həsənqızı