Əməkdar artist, müğənni Firuzə İbadova PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasının qonağı olub.

- Firuzə xanım, son zamanlar az-az görünürsünüz?

- Elədir. Çox görünmürəm. Bu mənim ruh halımla bağlıdır.

- Nəsə problem var?

- Yaradıcı insanın ruhu gözəl olmalıdır. Yol verməlidir ki, təzə mahnılara müraciət etsin, yaradıcılığında yeniliklər olsun.

- Ruhunuzu sıxan, sizi incidən nədir?

- Qızım, ötən illərin mahnılarını çox sevirəm. Ona görə də retro mahnılardan qopa bilmirəm. Onları yenidən oxuyuram. Mahnılara yeni nəfəs bəxş edirəm. Çox istəyirəm ki, ruhuma, həyat tərzimə uyğun mahnılar ifa edim. Həyat tərzim elə olsun ki, mən ruhlanım. Özümü müəllim kimi hiss etmək istəyirəm.

- Belə başa düşdüm ki, müğənnilikdən getmək və pedaqoji sahəyə yönəlmək istəyirsiniz...

- Düz başa düşmüsünüz. Müəllimliklə məşğul olmaq istəyirəm. Özümü sırf bu işə həsr etmək niyyətindəyəm. Hazırda Kukla Teatrında fəaliyyət göstərən "Oyuq" uşaq teatrı ilə çalışıram. Öz savadımı uşaqlara aşılamaq istəyirəm. Mənim gözəl müəllimlərim olub. Şövkət Ələkbərova, Əfsər Cavanşirov, Ceyran Haşımova. Demək olar ki, uşaqlıq və gənclik dövrümdə əsl Konservatoriya təhsili almışam. Onların bəxş etdiklərini mən də tələbələrimə ötürmək istəyirəm.

- Sizə nə və kim mane olur?

- Kim deməzdim. Amma nələr deyəcəyim məsələlər çoxdur.

- Firuzə xanım, açıq demirsiniz. Sizi incidən nəsə var?

- Mənəvi problemlər məni incidir. Son vaxtlar ruhum pərakəndədir. Sanki dumanda azıb.

- Şəxsi həyatınızda problemlər çoxdur?

- Böyük mənada problem yoxdur. Şükür Allaha, salamatlıqdır. Amma qızımın işi ilə bağlı problemləri var. Daha doğrusu, işi yoxdur. Onun işsizliyi məni incidir.

- Qızınız hansı sənətin sahibidir? İxtisası nədir?

- M.Lomonosov adına Moskva Dövlət Universitetininin Beynəlxalq Əlaqələr fakültəsini fərqlənmə ilə bitirib. Onun ixtisasına uyğun işinin olmaması məni çox incidir. Bilirsiniz, mən üzlü insan deyiləm. Kiməsə ağız açmağı, nəsə xahiş etməyi sevmirəm.

- Jurnalistlərlə aranız yaxşıdır?

- Çox yaxşıdır. Sizləri çox sevirəm. İşini doğru-dürüst görən jurnalistlər mənə əzizdir. Bizim görən gözümüz, eşidən qulağımızsınız. Sizlərə çox şey borcluyuq. Bizim deyə bilmədiklərimizi siz yazırsınız. Buna görə sağ olun.

- Toylara gedirsiniz?

- Əlbəttə gedirəm. Toy bizim dolanışıq yerimizdir. Kim toya getmirəm deyirsə, ona inanmayın. Getməyən adamı toya aparan, çağıran yoxdur. Ona görə də belə deyir. Xına mərasimlərinə də gedirəm.

- Cavanşir Məmmədovla birlikdə gedirsiniz?

- Onunla da, gedirəm, tək də. Əsas odur ki, məni sayıb, məclisində görmək istəyən adamlar çoxdur.

- Müəllimlik etsəniz, səhnədən həmişəlik gedəcəksiniz?

- Səhnədən getmək istəmirəm. Nə qədər səsim və görünüşüm buna imkan verir, səhnədə qalacam. Şükür Allaha, hələlik dikdaban ayaqqabıların üzərində dayana bilirəm. 70-75 yaşımda bu sənətdən tamamilə gedə bilərəm. Hələlik tezdir.

Ülviyyə Həsənqızı

Foto: Günay Məsimova