"Bakıdan həmişəlik gedirəm"

PrimeTime.Az-a bu açıqlamanı Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Türkiyədə Xocalı faciəsinə həsr edilən tamaşa nümayiş etdiriləcək:

"Yenidən Türkiyəyə gedirəm. Bildiyiniz kimi İstanbulda iki tamaşam səhnəyə qoyulub. Yazıçı Firuz Mustafanın "Manken" əsəri əsasında hazırlanan tamaşamız Mersin Teatr Festivalının qalibi olub. İkinci tamaşa isə Xocalı faciəsinin 25 illiyinə həsr edilən Aygün Həsənoğlunun "Adsız qadın" əsəridir. Tamaşa, İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə hazırlanıb. İstanbul Böyük Şəhər Teatrında ilk premyeramız olub. Üsküdar Kərəm Yılmazer səhnəsində də, nümayiş olunub. Baş rolda Kəmalə Kamal Nəbibəyova çıxış edib." 

Türkiyəyə yaradıcılıq səfərinə getdiyini deyən Elçin İmanov Bakıdan həmişəlik ayrılmağını qeyd edib:

" Bu sözüm zarafatdır. Məndən ilk dəfə soruşan hər kəsə belə deyirəm. Amma Bakısız yaşamaq mənə çətin olar. Darıxaram. Həm də, övladım Bakıda təhsil alır. Yenidən Türkiyədə hər şeyi sıfırdan başlamaq məqsədəuyğun deyil. Amma gələcəkdə nə olacağını deyə bilmərəm. Zaman göstərəcək. Xeyirlisi." 

Ülviyyə Həsənqızı