"Rus Dram Teatrı Rusiyanın ən tanınmış teatrları, ulduz aktyorları ilə danışıqlar aparır. Belə qərara almışıq ki, hər rübün sonunda Rusiyanın tanınmış teatrlarından birini Bakıya dəvət edək"

Bu açıqlamanı PrimeTime.Az -a özəl olaraq, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev deyib.

Direktorun sözlərinə görə, Rusiyanın əksər aktyorları, teatr xadimləri Bakıya gəlməyə can atır:

"Hamı Bakıya gəlmək istəyir. Amma Rus Dram Teatrı olaraq hamını Bakıya gətirmək imkanımız yoxdur. Çalışırıq ki, dəvət etdiyimiz aktyorlar məşhur olsun. Həm də tamaşanın janrına fikir veririk. Hazırda bir neçə variantı müzakirə edirik. Hələlik, ətraflı açıqlama vermək istəmirəm. Aprelin sonunda Rusiyanın tanınmış aktyorlarından ibarək kollektiv Bakıya gələcək. Ulduzların gəlməsini istəyirik. Bir məsələdə var ki, dəvət etdiyimiz adam yaxşı ulduz ola bilər, amma bizim tamaşaçı onu qəbul etməz. İstəyirik ki, dəvət etdiyimiz aktyorları hamı tanısın. Həmçinin, onlar bakılı tamaşaçılara yaxşı əsər təqdim etsinlər. Şəxsən mən çox istəyirəm ki, məşhur bəstəkar Dunayevskini Bakıya dəvət edək. Onun yubileyidir. Hazırda bununla bağlı danışıqlar gedir."

Tamaşaçıların aktyor ansamblı bol olan, mükəmməl tamaşa görmək istədiyini deyən Ədalət Hacıyev tamaşaçının fikrinin önəmli olduğunu bildirib:

"Bizim tamaşaçı mono tamaşanı bəyənmir. Tamaşaçılarımız mükəmməl səhnələrin yer aldığı, aktyor ansamblı zəngin olan əsərləri xoşlayır. Bizə də tamaşaçının fikri önəmlidir. Çünki bilet satırıq. Biletlərin satışından əldə olunan vəsait onların Bakıda rahat qalmasına və qonorar almasına yönəldilib. Hələlik seçimlərimizdə yanılmamışıq."

Yaxın vaxtlarda Rus Dram Teatrında bayram tamaşalarının nümayiş etdiriləcəyini deyən Ədalət Hacıyev yubileyə hazırlaşdıqlarını da qeyd edib:

"Martın 12-də xalq artisti Məbud Məhərrəmovun 60 illik yubileyi ilə əlaqədar olaraq yeni tamaşanın premyerasını nümayiş etdirəcəyik. Bundan əlavə, xalq artisti Lyüdmila Duxovnayanın yaradıcılığına həsr edilən yeni tamaşa hazırlanır. Bildiyiniz kimi, L.Duxovnaya iki ildir Rus Dram Teatrının səhnəsində yeni obrazla çıxış etmir. Bu münasibətlə rejissor İlqar Safat Sansetin "Bulvar" əsərini hazırlayır. Çox maraqlı əsərdir. Tamaşa, Hollivud ulduzunun həyatından bəhs edir. Yaxın günlərdə əsərin məşqlərinə başlanılacaq. Aprelin sonunda isə tamaşanın premyerası olmalıdır"

Ülviyyə Həsənqızı

Foto: Rahib Hacıyev