Martın 5-i Azərbaycanda klounada, pantomima,mono tamaşalar festivalının yaradıcısı, tanınmış aktyor, ssenarist Fərman Şəkilinin anım günüdür. 

Mərhum aktyorun vəfatından dörd il ötür. Dünyadan 58 yaşında köçən istedadlı aktyoru yad etmək üçün Fərman Şəkilinin həyat yoldaşı İradə Abdullayeva ilə görüşdük. İradə xanım da incəsənət adamıdır.

Sənət adamlarına xas olan kövrəkliklə "Mənim Fərmanımdan yazacaqsınız. Onun haqqında saatlarla danışa bilərəm" dedi.
İradə xanımla söhbətimiz Fərman Abdullayevlə ilk tanışlığından başladı.

- Fərmanla tanışlığımın tarixçəsi Şəki Teatrından başlayıb. İlk tanışlığımız gözlənilmədən oldu. Mən, Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino aktyorluğu" fakültəsini bitirmişdim. Təyinatla Şəki Teatrına gəldim. Əslində mənim təyinatımı Sumqayıt Teatrına vermişdilər. Amma mən istəmirdim.

- Sumqayıt Teatrına getmək istəmirdiniz?

- Hə, mən Şəki Teatrını istəyirdim. Özüm Qaxdanam. Qaxın məşhur Zəyəm kəndindən. Ona görə düşünürdüm ki, Şəki Teatrında çalışmaq mənim haqqımdır. Bu səbəbdən ata-anamın kənddə tək olduğunu bildirən ərizə təqdim etdim və alındı. Şəki Teatrına gəldim. Amma gələcəkdə aktrisa olmaq niyyətim yox idi. Baxmayaraq ki, aktyorluq fakültəsinə sevərək daxil olmuşdum. Vaxt ötdükcə, görürdüm ki, utanıram, sıxılıram. Hərçənd, Şəki Teatrında Hüseynağa Atakişiyev mənə baş rolları həvalə edirdi. Elə teatrda çalışmağa başlayanda Fərmanı gördüm. İlk dəfə görəndə onu bəyənməmişdim.

- Niyə?

- (Gülür) Nə bilim, məni qətiyyən maraqlandırmırdı. Amma aktyor kimi onu çox bəyənirdim. Çünki Fərmanı ilk dəfə Bakıda tələbə olanda görmüşdüm. O zaman dördüncü kursda oxuyurduq. Şəki Teatrının bir qrup aktyoru bizimlə görüşə gəlmişdi. Onların arasında Şəki Teatrının ən tanınmış aktyorlarından olan Fərman da var idi.

- Onu tanıyırdınız?

- Təbii ki, aktyor kimi tanıyırdıq. O, çox istedadlı idi. Bizə Stanislavski sistemini təlim edirdilər. Amma Fərmanın yolu, səhnədə dəyişilməsi, roldan-rola daxil olması başqa idi. Onun xüsusi təlimi var idi. Fərman hesab edirdi ki, aktyor rola tez daxil olmalıdır.

- Bu yenilikləri Fərman Abdullayevə kim aşılamışdı. Sənət müəllimi kim idi?

- Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil almışdı.Gürcü filmlərində olan səmimiyyət Fərmanda da var idi. Heç kimi təkrarlamağı sevməzdi. Fərmanla səhnədə tərəf müqabili olanda o qədər yeniliklər edirdi ki, hər saniyə ayıq olmalıydın. İmprovizələri sevirdi.

- Səhnədə tərəf müqabili olmusunuz?

- Teatra yeni gələndə bir-iki tamaşada tərəf müqabili olduq. Sonradan mən teatrdan uzaqlaşdım.

- Özü belə istədi?

- Yox, teatrdan uzaqlaşmağımın səbəbi Fərman deyildi. Ailəm məni teatrdan çıxartdı və rayona apardı.

- Sizin aktrisa olmanıza şərait yaradan ailəniz birdən niyə belə qərar verdi?

- Elədir, məni aktyorluğa buraxmışdılar. Amma teatrda çalışandan və Fərmanla rastlaşandan sonra qərarları dəyişdi.

- Onunla ailə qurmanızı istəmirdilər?

- Ailəm razı deyildi. Baxmayaraq ki, Fərman Şəkidən mən isə Qaxdanam. Bilirsiniz, mən onunla tez-tez dalaşırdım. Həm də məni teatrın aktrisaları çaşdırırdı. Deyirdilər ki, Fərman teatra yeni gələn bütün qızlara qarşı belədir. Hamı ilə ünsiyyət qurur və sair. Mənim də ona qarşı olan inamım azalırdı. Çünki Fərmanı sonradan sevmişdim.

- Nəyə görə xoşunuz gəlmirdi?

- Bilmirəm. İlk dəfə onu görəndə mənə elə gəlmişdi ki, Fərman evlidir. Onun subay olduğunu bilmirdim. Aramızda yeddi yaş fərq var. Teatra gələn gündən gözü məni tutmuşdu. Hər yerdə qarşıma çıxırdı. Lazımsız suallar verirdi.

- Məsələn?

- Hara gedirsiniz, nə edirsiniz? Mən isə əsəbləşirdim. Lazım olmayan yerdə məni danışdırırdı. Sonra məndən xahiş etdi ki, məşqə gəlim və onun rol dəftərini götürüb, yadından çıxanda suflyorluq edim. Bu yolla ünsiyyət qurmaq istəyirdi. Rol dəftərini əlimə alanda dəhşətə gəldim. Xətti qarışıq idi. Heç nə başa düşmək olmurdu. İlk ünsiyyətimiz başladı. Bir aydan sonra anası və bacısıyla teatra gəldilər. Sonradan ona çox vuruldum. Fərmanı ürəkdən sevdim. 

- Sevginizi necə qazandı?

- Xarakteri ilə. Əslində onun sənətinə vuruldum. Onu tanıdıqca, mədəniyyəti, intellekti məni özünə çəkdi. Fərman çox savadlı adam idi. Kosmosdan tutmuş, adi məktəb dərsliyinə qədər - ona haradan sual versəydin ətraflı cavab verirdi.

- Mütaliə etməyi sevirdi?

- Çox. Onun oxumadığı kitab yox idi. Azərbaycan, Sovet və dünya ədəbiyyatını, tarixini mütaliə edirdi. Hər şeydən xəbərdar idi. Onun kitabları sevməsi, çoxlu mütaliə etməsinin nəticəsini mən övladlarımda görürəm. Övladlarımız da ona oxşayıb. Çox oxuyurlar, öyrənməyə meyl edirlər. Baxmayaraq mən də orta məktəbi əla qiymətlərlə oxumuşam, amma, Fərmana çatmırdım. Özü də zarafatla deyərdi ki, "Bilirəm, sən Sovet məktəbini bitirmisən, amma mən azad məktəb bitirmişəm".

- Çərçivələrə sığmayan insan olub...

- Qətiyyən, çərçivələrə sığmırdı. Fərman gələcəyin adamı idi. Onun bir zamanlar dedikləri indi gerçəkləşir.

- İradə xanım, Fərman müəllim necə ailədə böyüyüb?

- Sadə ailələri olub. Atası Şəkilidir. Anası isə ingiloydur. İngiloylar gürcülərə yaxın millətdir. Anası xristian olduğuna görə, xristian mədəniyyətinə, xüsusilə, gürcülərə çox yaxın idi. Həm də anasını çox istəyirdi. Ana tərəfinə çox bağlı idi.

-Yəqin xüsusi səbəbi var imiş...

-Hə. Fərmanın 12 yaşı olanda atası onları tərk edərək, başqa qadının yanına gedib. Başqa ailəsi olub. Fərman anası, qardaş və bacısı ilə böyüyüb. Anası onları böyütmək üçün çox əziyyət çəkmişdi. Ona görə də anasını çox istəyirdi. Qayınanam yaxşı qadındır. Mən də xətrini çox istəyirəm.

- Sağdır?

- Hə, 82 yaşı var. Şükür Allaha, sağ-salamatdır.

- İngiloy olduğunu dediniz. Azərbaycan dilini bilir?

- Təbii ki, bilir, danışır. Amma Şəkidə hər zaman qərib olub.

- İndi də Şəkidə yaşayır?

- Yox, indi Bakıdadır. Qızı ilə birlikdə yaşayır. Hərdən bizə gəlir, nəvələrini görür, nəticələri ilə vaxt keçirir.

- İradə xanım, söhbətdən yayındıq. Dediniz ki, ailəniz sizi Fərman müəllimə vermək istəmirdi. Bəs sonradan necə oldu ki, razılaşdılar?

- Hə, məni teatrdan çıxarıb, rayona apardılar. Amma Fərman dəfələrlə kəndə gəldi və dedi ki, bu qızı götürüb aparacam. Nə isə, uzun çək-çevirdən sonra mən dedim ki, Fərmanla ailə quracam. Məni ona verməsəniz, heç kimə ərə getməyəcəm. Beləliklə, sevgimiz qalib gəldi və 1984-cü ilin yanvarında toyumuz oldu. İlk vaxtlarda Şəkini sevmirdim. Konservativ düşüncəli adamlarla dolu olan mühit məni sıxırdı.

Amma sonradan Fərmanın xətrinə Şəkini sevdim. Bilirsiniz, mən Qaxın Zəyəm kəndində doğulmuşam. Bizim rayonda və böyüdüyüm kəndə münasibətlər başqa cür idi. Ona görə də həmin mühitə alışmışdım. Bizdə etnik qruplar, millətlər çoxdur. Bu səbəbdən mühit başqa cürdür. Amma Şəki tam fərqlənirdi. Həm də Fərman çox qısqanc idi. Onun qısqanclığı məni çox sıxırdı.

- Sizi niyə və nəyə qısqanırdı?

- Demək olar ki, hər şeyə qısqanırdı. Rəhmətliyin mənasız qısqanclığı var idi. Mən fikirlərimdə, düşüncələrimdə çox azad olmuşam. Bu, böyüdüyüm mühitdən irəli gəlirdi. Fərmanın qısqanclığının bir səbəbi də bu idi. Uşaqlar balaca olanda mənin gördüyüm yer ancaq həyət olub. Başqa heç yerə  getmirdim. Teatrdan ayrı düşmüşdüm. Aktrisa olmaq istəməsəm də, teatrı çox sevirdim. Amma Fərman mənə həyatı öyrətdi. İllər keçdikdən sonra onu daha yaxşı başa düşürdüm. Ona haqq verirdim.

- Sizə qarşı kobudluq edirdi?

- Yox, kobud deyildi. Qəribədir, hamı onu aqressiv adam kimi tanıyırdı. Amma elə deyildi. Çox diqqətli, mehriban idi. Məni kədərli, kefsiz görəndə narahat olurdu. Bilirdi ki, teatr üçün darıxıram. Ona görə də mənə tikməyi, "Təkəlduz"u öyrətdi. Özünün də gözəl əl qabiliyyəti var idi.

Şəki Teatrında yaşaya-yaşaya filmlərə çəkilirdi. Televiziyada "Xoş, beş, on beş" verilişinin müəllifi və aparıcısı olub. Radioda "Şəki zarafatları", "Şəki gülüşləri" proqramının həm yaradıcısı, həm də aparıcısı olub.

- Son illər hər kəsin yadında "Şurum-burum" kimi qaldı...

- Hə, "Şurum-burum" ona böyük zərbə oldu. Bilirsiniz, etiraf edək ki, bizim xalqımız teatral deyil. "Şurum-burum" kimi personaj başqa millətdə olsaydı, ona heykəl qoyardılar. Uşaqların sevimli personajı idi.

- Bu obrazı özü kəşf etmişdi?

- Onun bütün obrazları özünün idi. "Şurum-burum", sonra "Zər-xara" adlı verilişin ssenarisini yazmışdı. Uşaqlar üçün tele-krossvord tipli proqram olmalıydı. Həmin proqramın ssenarisini müəllif hüquqları agentliyində qeydiyyatdan keçirmişdi. Fərman "Dahi" adlı pantomim pyesin, "Cəllad", "Tövbə" adlı əsərlərin müəllifi idi. Amma "Şurum-burum" onun səhnə imicinə xələl gətirdi.

- İradə xanım, mən həmin sualı vermək istəyirdim. Fərman Abdullayev kimi istedadlı aktyor, teatr və kinoda ciddi rolları olan səhnə insanı necə oldu ki, qəfildən teatrı tərk etdi?

- Şəki Teatrı açılmazdan əvvəl xalq teatrı səviyyəsində fəaliyyət göstərib. Fərman həmin vaxtlardan Şəki Teatrında çalışıb. Amma səhnə fəaliyyətinə aktyor kimi başlamayıb. Qrim ustası olub. Fərmanın yaxşı əl qabiliyyəti var idi. Qrimlə yanaşı, misgərlik və rəssamlıq etməyi bilirdi. O həm də Şəki teatrında işlədiyi vaxt bir neçə pyesi tamaşaya qoymuşdu. Bakıdan dəvətlər çox oldu. Fərmanı televiziyadan çağırırdılar. Amma Şəki Teatrını tərk etməyinin əsas səbəbi Həsənağa Turabovdan gələn dəvət oldu.

- Həsənağa Turabov Fərman müəllimi Milli Dram Teatrına dəvət etmişdi?

- Fərmanın çoxtərəfli yaradıcılığı Turabovun dəvətinin səbəbi olmuşdu. Həsənağa müəllim onu çox dəvət etdi. Hətta Fərman deyirdi ki, "Mən gəlib kirayədə qala bilmərəm". Amma Həsənağa Turabov Fərmana demişdi ki, "Bakıya gəlsən, sənə ev də verəcəyik". Ümumiyyətlə, Həsənağa Turabov Fərmanın yaradıcılığına böyük dəyər verirdi.

- Bəs niyə gəlmədiniz?

- Nə bilim, o ərəfələrdə gəlmədik. Sonra Həsənağa Turabovun həyatında ağır günlər başladı.

- Oğlu həlak oldu...

- Hə, oğlu dünyasını dəyişdi və Həsənağa Turabovun səhhəti günü-gündən pisləşməyə başladı.

- Bu hadisələr neçənci ilə təsadüf edir?

- HəsənağaTurabov Fərmanı 1992-ci ildə dəvət etmişdi. Biz isə Bakıya 1994-cü ildə köçdük.

- Akademik Milli Teatra gəlişi niyə alınmadı?

- İmkan vermədilər.

- Kim?

- Azdramanın bəzi aktyorları. Onlar imkan vermədilər. Rəhmətlik Həsənağa Turabovla görüşdü, söhbət etdi və Azdramaya getdi. Amma oranın köklü, köhnə aktyorları onu qəbul etmədilər.

- Konkret nə demişdilər?

- Yuxarıdan aşağı baxmışdılar. Onlar əyalət teatrının aktyorunun böyük səhnədə onlarla birlikdə çıxış etməsi fikrini qəbul etmək istəmirdilər.

- Akademik Teatra gəlişi alınmadı. Nə əcəb, başqa teatra getmədi? O zaman Hüseynağa Atakişiyevin Gənclər Teatrı var idi.

- Gənclər Teatrı var idi. Hüseynağa müəllimlə görüşdü. Bir -iki rol oynadı.Amma teatrda qalmadı. İllər ötdükcə teatr mühitinə nifrət edirdi.

- Nifrəti kim yaratdı? Azdrama?

- Hə, Azdrama və oranın bəzi aktyorları. Fərmana  Fuad Poladov dəstək oldu. Akademik Teatrın aktyorlarından isə Ramiz Novruz və Telman Adıgözəlov Fərmanı tək qoymadılar. Onu duyurdular. Hətta Bakıda ilk evimizi tikdirəndə Ramiz Novruzla Telman Adıgözəlov bizə qonaq gəlmişdi. Rejissor Cənnət Səlimova və Hacıbaba Bağırov Fərmanı yaratdıqları teatra dəvət etmişdilər. Amma Fərman getmək istəmədi.

- Niyə istəmirdi. Müstəqil teatr yaratmaq fikri var idi?

- Ürəyində elə arzusu var idi. "Gölgə" adlı teatr yaratmaq istəyirdi. Əvvəlcə uşaq teatrı yaratmaq niyyəti var idi. Amma sonradan fikrindən daşındı.

Bakıda heç bir teatrda işləmədi. Aktyor yaradıcılığında 150-200-dən çox obrazlar yaradıb.

"Sarı gəlin", "Zirzəmi" , "Aşkarsızlıq şəraitində", "Fransız", "Ölümə dəvətnamə", "Vakant yeri", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Yalan", "İstanbul reysi" və s. bədii filmlərdə çəkilib. Əvvəllər teatrı çox sevirdi. Sonralar teatrdan soyudu.

- Xəstəliyi necə yarandı?

- Fərman çox sağlam idi. Amma keçirdiyi stresslər nəticəsində amansız xəstəliyə tutuldu. Ağciyər xərçəngi oldu. Xəstəliyi 11 ay davam etdi.

- Özü bilirdi ki, xərçəngdir?

- Həkimlər gizlətmək istəyirdi. Amma başa düşmüşdü. Onu aldatmaq çətin məsələ idi.

- İradə xanım, xətrinizə dəyməsin, amma Fərman müəllimin çox içdiyini deyirlər...

- Fərmanın içkiyə meyl edən vaxtları olub. 1990-cı illərin əvvəlində bu hadisələr başlayanda, teatrda durğunluq yarandı. Fərman həmin ərəfələrdə içkiyə qurşandı. Amma onu qınamırdım. Dözə bilmirdi. Fərmanı başa düşməyə çalışırdım. Düzdür, başa düşmək çətin olur. Amma ona son dəqiqəsinə qədər dayaq oldum. Bizim sevgimiz Leyli və Məcnunu xatırladırdı. Fərman məni çox sevirdi. O qədər sevirdi ki, əlacı olsa, gedəndə məni də özü ilə aparardı.

- Fərman Abdullayevi Şəkidə dəfn etmədiniz...

- Özü Bakıda dəfn olunmağını istədi. Bir dəfə məndən soruşdu ki, "Sən dünyadan köçəndə harada torpağa tapşırılmaq istəyirsən?". Dedim yəqin ki, Bakıda. Çünki kəndə getmək çətin olacaq. Fərman üzümə baxıb dedi ki "Onda məni də Bakıda dəfn edərsiniz".

- Hətta o dünyada da sizə qovuşmaq istəyib?

- Hə, fikrində onu tutmuşdu. Təbii ki, mənim yerim onun yanındadır.

- İradə xanım, Fərman Abdullayevin xatirəsinə "Sənət Fədaisi" adlı kitab ithaf etmisiniz...

- 2014-cü ildə Fərmanın 60 yaşı tamam oldu. Bu kitabı onun yubileyi şərəfinə hazırladım. Kitabın ərsəyə gəlməsində Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətin köməyi olub. Fərman xəstə olanda da Azərpaşa Nemət, Cəfər Namiq Kamal, rəhmətlik Nuriyyə Əhmədova tez-tez zəng edirdilər, əhvalı ilə maraqlanırdılar.

Həmçinin Şəki Teatrının doğma kollektivinin adını çəkməyə bilmərəm. Onların hər biri Fərmana əziz idi. Xanlar Həşimzadə, Əbülfət Salahov və başqaları Fərmanı həmişə axtarıb, soruşurdu.  Kitabın adına gəldikdə isə "Sənət fədaisi" titulu Fərmana verilmişdi. Yeganə titulu bu idi. Ona görə də kitabı belə adlandırdım.

-İradə xanım, Fərman Abdullayevin ailəsində iki oğul övladı var. Kiçik oğlunuz Elvin atasının sənət yolunu davam etdirir. İstedadlı gənc rejissordur.

- Şükürlər olsun ki, elədir. İki oğlumuz var. Edqar və Elvin. Hər ikisi savadlı, istedadlı oğlandır. Edqar başqa sənəti seçsə də hər zaman Elvinə dayaq olur. Elvin rejissor oldu. Bir neçə filmi var. Sənətə həvəsi, marağı çoxdur. Sevinirəm ki, Fərmanın ocağını yandıran övladları, onun adına layiq oğullar oldu.

- Siz hansı sahədə fəaliyyət göstərirsiniz?

- Linqvist kimi çalışıram. Etnik qrupların dillərini tədqiq etməklə məşğulam. Amma ən böyük vəzifəm Fərman Abdullayevin adını yaşatmaq, ailəsini qorumaq, nəvələrimizə onun haqqında məlumat çatdırmaqdır. Gələcəkdə də Fərman haqqında kitablar yazacam. Bu mənim müqəddəs missiyamdır.

Ülviyyə Həsənqızı