Tanınmış rejissor Aqil M.Quliyev PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasında qonaqdır.

Aqillə söhbətimizin mövzusu hələ dünən 38 yaşı tamam olan mərhum rejissor Şahin Zəkizadə oldu.

- Bir insanın yoxluğu haqda danışmaq həqiqətən çox çətindir. Əksər şou-biznes nümayəndələri Şahin Zəkizadənin ölümündə çox fəal iştirak etmədi. Bilirəm ki, sən də dosta dəyər verən birisən. Aqil bu acı xəbəri necə aldı?

- Şahini lap gənc yaşlarından tanıyıram. 10 istedadlı rejissor var idisə Şahin onlardan biri idi. Onunla bir meydançada olmuşam. "Həkimlər" serialında epizodik bir rolda çəkilmişəm. Bir şey deyim, Şahin kinodan nakam getdi. Onun böyük filmlərlə bağlı arzuları, fikirləri var idi. Məncə, reallıq ondan ibarətdir ki, onun kimi bir çox rejissorlar da kinodan nakam gedəcək. Bəlkə də onu dərd öldürdü.

- Məşhur insanların vaxtsız vəfatından istifadə edərək görüntü naminə virtual dünyada maksimum 4-5 saat ərzində etdiyi paylaşımla gündəmə gələnlər var. Onlar daha sonra öz həyatlarına qaldığı yerdən davam edir. Səncə, bizim məşhurların arasında niyə bu qədər qəddarlaşmaq var?

- Bu qəddarlaşmaq deyil. İndiki vəziyyətdə bu insanların kimliyindən utanması ilə əlaqədardır. 10-20 il əvvəl ədəb-ərkan qaydaları var idi. Ayıbdır, xeyir-şər yerinə getmək lazımdır, deyirdik. İndi isə kapitalizm dövrünü yaşayırıq və insanlar heç nədən utanmır. "Ölümdür də, getmədim nə olsun?" deyirlər. Vaxti ilə iş olub, pulun vermişəm, klip çəkdirmişəm, fikrindən çıxmır bəzi adamlar. Yəni insani münasibət yalan olub. Dostluq yalan imiş. Bizim şou-biznesdə öpüşüb görüşməklər yalandır. Ona görə də kənara çəkildim. 2013-cü ildən sonra həyatla bağlı fikirlərim dəyişildi. Soyuq rəftar və məsafə saxlamaq ən salamatıdır. Sabah da dizinə vurmayasan ki, elə bilirdim dostdur. Yəqin Şahin də elə bilirdi ki, dostdurlar. O özü mülayim insan idi. Çox adamla ünsiyyət qururdu. Çəkiliş olmayan vaxtlar mənə yazırdi ki, "Necəsən, nə edirsən, ofisdəsənsə gəlim sənə baş çəkim?". Gələrdi, çay içib söhbət edərdik.

Şahin canını əziyyət çəkməkdən qurtardı. 37 yaşında ali savadlı birisən və bilmirsən ki, sənə çəkməyə film veriləcək ya yox. Bunu kim həll edir və niyə həll edir hələ də bilinmir. Oturub fikirləşirsən ki, ailəmi necə dolandırım. Əvvəllər heç olmasa klip bazarı var idi. Gənc rejissorlar bu bazara qatıldılar. Kənan, Şahin onlardan biri idi. Çörək pulu qazanırdılar. Burada ayıb bir şey yoxdur. Bu gün hamı ailə saxlayır. Ailə saxlamaq bir kişi üçün problemdirsə təbii ki, xəstəlik tutacaqsan. Hələ Şahin çox dözdü. O, mərd adam idi. Başına gələn hadisələri bilirəm. Vaxt var idi bizim sənət adamlarına fərqli münasibət var idi. Onlara əl qaldırılmazdı, söyülməzdi, hörmət və pərdə var idi. Publika və sənətçi ilə aradan müəyyən bir pərdə asılmışdı. O pərdə götürüldü. Bu dəqiqə sənətçilərə qarşı hər şey etmək olar.

- Ölüm xəbərini eşidəndə nə düşündün? Ağlına ilk nə gəldi?

-Ağlıma ilk gələn o oldu ki, övladları necə olacaq və heyif ki, kino çəkmədi.

- Arzularından xəbərdar idin?

- Mənim yanıma bir çox rejissorlar gəlir, ünsiyyətdə oluruq. Bilirəm kimin içində nə var və nə etmək istəyir. Çox adam gəlir, mənə öz əhvalatını danışır. Onlara düzəliş verirəm. Mənə ağsaqqal kimi hörmət edirlər. Bu qarşılıqlıdır. O da tez-tez gələrdi. Atası bizim məktəbin direktoru olub. Atasını məzarlıqda gördüm. Məni gördü, üzü bir az gülümsədi. Bilirsən, belə yerdə gözün axtarır. Ata oğlunu dəfn edir. Ölümdən heç kim sığortalı deyil. Heç olmasa o valideynin gözünə bir az işıq vermək üçün gəlmək olardı. Ata düşünməsin ki, oğlum necə yaşayıb ki, bu qədər adam gəlib. Bəzi manıslar qardan qorxub gəlmədi. Düşündülər ki, maşınlarına nə isə olar. Maşınlarının rəngi gedər, cızılar, təkərləri zədələnər, birdən sürüşərəm kimsə gəlib maşına dəyər, 300 AZN ziyana düşərəm.

Bunlar belədirlər. Bu gün iş görürsən "can qardaş, quzu kəsərəm" deyirlər. Saçım, saqqalım ağardı bunu anlayana kimi ki, bu insanların mahiyyəti yalandır. İşin keçirsə qardaşsan, yuxarı başdasan, iş bitdisə zənginə cavab verməmələri normal hala çevrilir. Bəzən də menecer adlandırılan biri telefonu açır və deyir ki, nə xəbər lazımdırsa çatdıraram. Həmin adam isə digər tərəfdən alçaq səslə deyir ki, denən ki filan şey belə. Bilmirlər ki, bu qaydaları biz onlar üçün yazmışıq.

- Aqil, bəs sənin üçün ölüm nədir?

- Bu filmin sonu, yenisinin başlanğıcıdır. Mən həyatı film kimi qəbul edirəm. Bilirəm ki, bu filmdə mənim də obrazım var. Rolumu ifa edib gedəcəm və bu film nə vaxtsa bitəcək.

- Amma dinimiz o qədər gözəldir ki, Allah insana ölümü də qorxutmadan hiss etdirir. Bəlkə də əzizlərimizin bu dünyadan köçdüyünü görürük deyə özümüzə təsəlli veririk. Haqqın rəhməti və nə vaxtsa görüşmək sevgisi var. Səndə necədir bu?

- Mən ölümdən qorxmuram. Qollarımda dünyasını dəyişən də olub. Ola bilər hissiyatsız məxluqa çevrilmişəm. Təkallahlıq dinləri var. İslam və xristian. Onlardan əvvəlki dinlərdə ölüm sadəcə dünyalar arasında keçid idi. O dünyada cənnət və cəhənnəm yox idi. Pis yerə düşəcəyi qorxusu yox idi. Ona görə o dövrlərdə yaşayan tayfalar ölümə qapı kimi baxırdılar. Ailəm, əzizlərim, hətta heyvanlarım oradadır və mən də onların yanına gedəcəyəm deyə düşünürdülər. Ona görə ölümə münasibət də fərqli idi. Savaşda belə ürəklə döyüşürdülər ki, burada ölmək ən böyük fəxrdir. Bizdə bir az ölümdən qorxu var. İnsanlar bu dünyaya çox bağlanıb. Əsasən də Azərbaycanda. Maşına, qadına, yaşayışa, lülə-kababa o qədər bağlıyıq ki, onları itirməkdən qorxuruq.
Kitab dükanında yarım saat dayandım. Sağa-sola çox sayda insan gedir. İki satıcı yanıma gəlib getdilər ki, birdən nə isə oğurlayaram. Əlimdə çanta var idi. Yarım saat kitab dükanında dayanan biri artıq xatalı görünür. Özü də kitab mağazası AVM-in içindədir. Orada hər dildə kitab var idi. Buna baxmayaraq orada cəmi iki nəfər idik. Bu diyarda səncə, 37 yaşında dünyasını dəyişən bir rejissora kimsə dəyər verəcək? Problem bizlərdədir. İnsanlar codlaşıb.

- Şahinin vida və dəfn mərasimindən təəssüratlarını mənimlə bölüşən bir nəfər var, amma adını çəkməyəcəyəm. Deyir ki, qadın məclisi bitdi, mən maşında əyləşdim, gələnləri izləməyə başladım. Gözlədim ki, görəsən, niyə adamlar gəlmədi? Niyə siz bu qədər qəddarsız? Görəsən mən də öləndə belə olacaq? Aranı qızışdırır.

- Bilirsən ki, məni çox adam görməyib. Qəbiristanlığa gələndə gördüm ki, çoxu gedib. Yasin oxundu, atası ilə görüşdüm, hamı getdi məndə ən sonda oranı tərk etdim. Artıq hər kəslə çadırda görüşdüm. Şahin Kənanla çox yaxın idi, dostluq edirdilər.

- Kənanı çox qınadılar. Hətta onun ağlamağı, Şahinin şəklinə sarılmağı dram adlandıranlar da oldu.

- Niyə də drama olmasın? Gözümüzün qarşısında axırıncılardan olmayan birisi getdi və biz cəmiyyətin ona olan münasibətini gördük. Niyə də bu yara dərd olmasın axı? Fikirləşirsən ki, Şahinin dəfninə bu qədər insan gəldisə, bəs mən öləndə kim gələcək?

- Kənan şəkili qucaqlayıb ağlanlardan idi. Aqil isə emosiyalarını biruzə verə bilmir.

- Mən başqa xasiyyətə malik biriyəm. Bir az sərtəm. Kənan isə həyatda da emosional biridir.

Şahin Cavadsoy