"Səs Azərbaycan" yarışmasının iştirakçısı, gənc müğənni Samirə Əfəndi PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasının qonağıdır.

- Söhbətimizə "Səs Azərbaycan" layihəsi ilə başlayaq. Hazırkı Samirə ilə yarışmadan öncəki arasında nə kimi fərqlər var?

- Nəzərə çarpacaq dəyişiklik və fərq yoxdur. Sadəcə olaraq dinləyici kütləm artıb. Baxışlarım və hadisələrə yanaşma tərzimdə dəyişiklik hiss edirəm.

- Bu tip yarışmaların ifaçıların tanınmasında müsbət rolunu danmaq olmaz. Amma bir halı da vurğulamaq lazımdır. Layihə bitdikdən sonra adı iştirakçının üzərində qalır. Bu sizdə kompleks yarada bilər?

- Bu fikirlə razı deyiləm. Düşünürəm ki, mügənni ifası ilə yadda qalmalıdır. Mən "Səs Azərbaycan" layihəsindən öncə başqa yarışmalarda da iştirak etmişəm.Yarışmalar ifaçıların inkişafı və tanınmasında tramplin rolunu oynayır.

- Amma digər yarışmalar danışdığımız layihə qədər səs-küy yaratmadı...

- Əvvəllər deyirdilər ki, "Səs Azırbaycan" yarışmasında iştirak etmiş Samirə. Amma son zamanlar hiss edirəm ki, bu hallar azalıb. Məni indi Samirə Əfəndi kimi təqdim edirlər.

- Necə oldu ki, layihəyə qatılmaq fikrinə gəldiniz?

- Əslində qatılmaq barədə düşünmürdüm. Amma eşidəndə ki, münsif kürsüsündə Tünzalə Ağayeva əyləşəcək özümü sınamaq qərarına gəldim.

- Sizi bəxtigətirən iştirakçılardan hesab edə bilərik. Çünki yarışmadan sonra Tünzalə xanım məhz sizə dəstək oldu.

- Tünzalə xanımla yarışmadan öncə də birlikdə çalışmışıq. Hətta xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Samira Allahverdi kimi xanım ifaçılarla da işbirliyim olub. Bəxtigətirən mövzusuna gəldikdə isə elə düşünmürəm. Təvazökarlıqdan uzaq olsa da deyim. Tünzalə xanım məndə potensial və çalışqanlıq görüb ki, hələ də işbirliyimiz davam edir.

- Tünzalə Ağayeva müəllim kimi necə biridir?

- Çox tələbkardır. Bu, çox yaxşı cəhətdir. Məndən nə isə tələb edəndə çox xoşuma gəlir. Çünki həmin işə çox məsuliyyətlə yanaşıram.

- Mahnı seçimində sizi qoruyurmu?

- Yarışmada məsləhətləşirdik. Təkliflər verirdi. Amma sırf geniş kütlə üçün ifa etdiyim mahnıları nəzərdə tutursunuzsa mənim üçün yazılan çox mahnılar var. Amma mən "Kəpənək" mahnısını gözləyirdim.

- "Kəpənək" həm də sizə hədiyyə idi...

- Bəli, bu mahnı mənə Tünzalə xanım tərəfindən hədiyyə olundu. Mahnının sözlərini Miri Bəhruz Abbaszadə yazıb. Tünzalə Ağayeva ilə çalışdığıma görə başqa mahnı ilə çıxmağım düzgün olmazdı. Növbədə isə digər layihələrim olacaq.

- Yeni layihələr demişkən, onları açıqlamaq imkanınız varmı?

- Bu haqda geniş danışmaq istəmirəm. Çünki hələ bir çox məsələləri həll etməliyik. Onu deyə bilərəm ki, Ukraynadan olan musiqiçilərlə işbirliyim olacaq. Bunun rezonans doğuracağına inanıram. Layihə xarici bazar üçün nəzərdə tutulduğundan mahnı rus dilində hazırlanır. İkinci mahnı isə ana dilimizdə olacaq .

- Müğənnilərin Türkiyəyə yönəldiyi bir vaxtda siz Rusiya şou-biznesinə qatılmaq fikrindəsiniz?

- Təkcə Rusiya şou-biznesi ilə kifayətlənmək fikrim yoxdur. Sadəcə başlanğıcı oradan götürüb, yol cızıram. Elə bir iş təqdim etmək istəyirəm ki, hər kəsdə "Wooow" effekti yaratsın.

- Sizdə kimisə təkrar etmək kompleksi və qorxusu varmı?

- Əyri oturub, düz danışaq. Bu sənətdə hər kəs bir adamı təkrarlayır. Onun kim olduğunu hamımız bilirik. Onu mən də çox bəyənirəm. Zövqünü, ifasını, mahnılarını sevirəm. Fikrimcə, hazırda estradamızda yeganə ulduz odur (red. əməkdar artist Röya Ayxan nəzərdə tutulur). Mən özümə aid tərz yaratmaq istəyirəm.

- Rəqabət mövzusuna toxunaq. Rəqib gördüyünüz biri varmı?

- Özümə rəqib gördüyüm biri yoxdur. Çünki heç kimlə rəqabət aparmıram. Sadəcə öz yolumu cızıram və bu yoldan dönmək istəmirəm. Amma bəzən eşidirəm ki, kimsə nə isə deyir, söz atır. Verdikləri sözün üstündə dayanmır. Çox çirkinliklərlə üzləşirəm. Amma bu hallar məni sındırmır. Allah hamıya uğur bəxş etsin.

- Çirkinliklərlə üzləşdiyinizi dediniz. Şou-biznesi bəziləri bataqlıq adlandırır. Bu sənətdə özünü ən çox qoruyanlar haqda belə şaiyələr, söz-söhbətlər gəzir. Gələcəkdə bu hallarla daha sıx rastlaşacaqsınız. Bu, sizdə qorxu yaradır?

- Yox, dediyim kimi mən belə şeylərdən sınmıram. Nə qədər danışırlar danışsınlar. Mənim üçün fərq etməz.

- Hazırda sizi üzən hal nədir?

- Ən çox üzüldüyüm hal bu sənəti seçdiyim zaman qohumlarımın mənə dəstək olmaması olub. Anam məni dəstəkləyən tək insan idi. Hətta bu gün belə yaxınlarımın bir çoxu sənətimi qəbul etmir. Mənə deyirdilər ki, bura çirkabdır. Sən özünü ləkələyəcəksən. Onsuzda hamı haqda yaxşı və ya pis danışılır. Əsas odur ki, özüm necə biri olduğumu bilirəm. İndi elə bir dövrdəyəm ki, mən adım üçün çalışıram. Elə bir zaman gələcək ki, adım mənim üçün işləyəcək.

- Yerli müğənnilərimizin səhnə libaslarını, şoularını mentalitetə yozan tamaşaçı xarici ulduzun ondan da betər geyim və performansını bəh-bəhlə həzm edir və paylaşır. Bu nədən irəli gəlir?

- Biz müsəlman ölkəsində yaşayırıq. Bəlkə də ona görə hər şeyi mentalitetlə ölçürük. Amma şəhərdə gəzərkən görürük ki, o milli mentalitetdən söz açanlar çox açıq-saçıq geyinirlər. Mən o tərzdə geyinməyə utanaram. Səhnədə açıq libas geyinmək olar, amma dost-tanışla görüşə və ya gəzməyə gündəlik geyim tərzində getməyi məqsədəuyğun sayıram.
.
- Kompleksləriniz varmı? Hansı həddə qədər cəsarətli geyinə bilərsiniz?

- İdeal bədən quruluşuna malik olan qadının belə kompleksi var. Bəlkə də nə vaxtsa komplekslərimi sıxa bilsəm, cəsarətli libaslara üstünlük verərəm. Amma hələ ki, bu haqda düşünmürəm. Fikrimcə, utancaq olmağım ən böyük kompleksimdir. Bu xanımlar üçün yaxşı hal olsa da həddi var.

- Dünya şou-biznesinə nəzər yetirək. Son dövrlərin trendi sol sinəni çöldə qoymaqdır. Məşhur müğənni Nicky Minaj qatıldığı tədbirlərin birinə məhz o tərzdə gəlmişdi. Fikrimcə, bu abartılı cəsarətdir.

- Səhnə gözəl siluet görmək istəyir. Amma bu o demək deyil ki, səhnə adamı tam soyunmalıdır. Əgər sinə açılırsa ayaq örtülməlidir və ya əksinə.

- Hazırda yerli şou-biznesdə də soyunanlar az deyil...

- Performans baxımından göstərməyə heçnə olmayanda ifaçılar soyunmağa başlayır. Mənim isə səsim var.

- Deyəsən, dəvət aldığınız tədbirləri çox götür-qoy edirsiniz. Çünki sizi təqdimat və başqa məclislərdə görmək mümkün olmur.

- Çalışıram ki, hər tədbirə qatılmayım. Bunun mənim üçün xeyirli olduğunu düşünürəm. Hər kəs kimi olmaq istəmirəm. Məni gərək dəvət edələr. Çağırılmayan yerə getməyi sevmirəm.

- Yenidən qayıdaq Tünzalə xanımla olan işbirliyinizə. Heç bir şeyin sona qədər davam edəcəyinə təminat yoxdur. Yerli şou-biznes nümayəndələri adətən ayrıldıqdan sonra isti münasibət saxlamır, hətta bir-biriləri haqda xoşagəlməz ifadələr işlətməkdən çəkinmirlər...

- Ola bilər ki, yollarımız ayrılsın. Amma düşünmürəm ki, dediyiniz kimi hallar baş versin. Ən azından o məndən yaşca böyükdür və bizim işbirliyimiz qarşılıqlı hörmət müqabilində qurulub. Bu yol verilməzdir.

- Səhnədə başınıza gələn esktrimal hadisə olub?

- Bəli, "Səs Azərbaycan" səhnəsində ifa edərkən. Paltar çox uzun idi. Yer isə həddindən artıq sürüşkən. Ayağım sürüşdü və az qalmışdı ki, yıxılım. Diqqətlə baxsanız siz də hiss edərsiniz.

- Yeni film və seriallara baxsaq aktyor və aktrisalardan çox müğənniləri görərik. Sizə filmdə çəkilməklə bağlı təkliflər olubmu?

- Təkliflər əsasən "Səs Azərbaycan" layihəsindən sonra oldu. Zaman olaraq üst-üstə düşmədiyi üçün alınmadı. Fikrimcə, baş tutsaydı maraqlı olardı.

- Filmə çəkilsəniz öz qanunlarınız olacaqmı? Hansı səhnələrdən imtina edərsiniz?

- İlk olaraq öpüş səhnələrinə "yox" deyərəm. Daha sonra çılpaq duş səhnələrinə razı olmaram. Hətta görüntü siluet formasında olsa belə. O səhnələrdən sonra evə getmək var (gülür). Yaxınlarım və qonşularla necə üz-üzə gələcəyəm? Səhnədən başqa şəxsi həyatım da var. Marketə gedirəm, zibil atıram, evi səliqəyə salıram.

- Ev işləri görməyi bacarırsınız?

- Anam deyəndə ki, Samirə filan işi gör, ona deyirəm ki, həvsim yoxdur. Anamın cavabı isə belə olur: "Sabah köçəcəksən birinin evinə". Əslində bacarıram. Təki həvəsim olsun. Hətta yemək də bişirə bilirəm.

Teymur Məmmədov

Qeyd: Single üçün poster çəkilişləri Promo Break Agency tərəfindən təşkil olunub.

#Photo: Elbəy Sadıxlı
#Hairstyle: Elnur Əliyev
#Makeup: Lamiyə Ağababayeva
#Style: İlahə Hüseynova