PrimeTime.Az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında istedadlı aktyor, mərhum Ramiz Sərkərovun anım günü keçirilib.

Vəfatının 10-cu ildönümü münasibətilə teatrın kiçik səhnəsində baş tutan tədbirdə aktyorun ailə üzvləri, yaxınları, sənət dostları, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, xalq artistləri Vaqif Əsədov, Ağaxan Salmanlı, Yasin Qarayev, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, əməkdar artist Şəfəq Əliyeva, aktyorlar Natiq Fərzəliyev, Mehriban Abdullayeva, Elnur Hüseynov çıxış edərək mərhum haqqında xatirələrini bölüşüb.

Ramiz Sərkərovun sevə-sevə ifa etdiyi tamaşalardakı geyimləri, qrim masasının, sevdiyi əşyalarının yerləşdirildiyi səhnədə aktyorun canlandırdığı rolları, onun müsbət insani keyfiyyətləri haqqında sənət dostları yaddaqalan əhvalatlar danışıb.

Aktyorun ifa etdiyi tamaşalardan və televiziya filmlərindən video görüntülərin nümayiş etdirildiyi mərasimində teatrın aktyoru, Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov R.Sərkərovun sevdiyi mahnıları səsləndirib.

Sonda sənətkarın qardaşı Şahin Sərkərov çıxış edərək tədbirin keçirilməsində əməyi keçən hər kəsə, xüsusən teatrın direktoru M.Həmidova öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Ramiz Beqay oğlu Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda anadan olub.

1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Əvvəlcə texniki vəzifələrdə çalışan R.Sərkərov sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif maraqlı obrazlar yaradıb.

R.Sərkərov Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsa (Açıl, bənövşəm açıl" İ.Coşğun), Kamil ("Ərizə" Ə.Əmirli), Aktyor ("Cəza" Ə.Əmirli), Eldəniz ("Mağara" A.Həsənzadə), Sarıköynək ("Sarıköynək günəşi necə gətirdi?" N.Qocaoğlu), Süleyman paşa ("Mahmud və Məryəm" Elçin), A.M.Şərifzadə ("Ölüm hokum" Elçin), Qara div ("Ağ div və qara div" Ə.səmədli), Vahan ("Yaddaş ağrısı" H.Mirələmov), Şair Əmiri ("Molla Nəsrəddin və Əmir Teymurun filləri" Əjdər Ol), Ksanf ("Ezop" G.Fiqeyredo), Hüseyn dayı ("Mustafa" O.Asena), Sərkis ("Hacı Qara" M.F.Axundzadə), Padşah ("Danışan gəlincik" A.Şaiq) kimi olduqca yaddaqalan obrazlarlar canlandırıb.

R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Aktyor   2007-ci ildə vəfat edib.