PrimeTime.Az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Quberniyasının Pavlovski-Posad şəhərində görkəmli sovet-rus aktyoru, SSRİ xalq artisti Vyaçeslav Tixonovun 90 illik yubileyi münasibətilə abidə ucaldılacaq.

Belə ki, 2018-ci il fevralın 8-də mərhum aktyorun 90 yaşı tamam olacaq.

Bu münasibətlə Pavlovski-Posad şəhərinin rəhbərliyi V.Tixonovun vətənində onun ev-muzeyini yaradacaq və şərəfinə abidə ucaldacaq. Qərar şəhər meriyasının rəhbərliyi  tərəfindən imzalanıb. 

Yubiley ərəfəsində V.Tixonovun bir zamanlar yaşadığı ev yenidən bərpa ediləcək və muzey halına salınacaq. Şəhər rəhbərliyinin sözlərinə görə bu işlər üçün büdcədən 10 milyon rubl vəsait ayrılıb.

2018-ci il aprelin 19-dan 23-dək Pavlovski-Posad şəhərində "17 an" adlı Beynəlxalq Kinofestival keçiriləcək.

Beynəlxalq Festivalın proqramına 6 ölkədən 9 bədii film və 10 serial daxil ediləcək.

Festivala görkəmli aktyorun qızı, V.Tixonov Fondunun prezidenti Anna Tixonova nəzarət edəcək.

Beynəlxalq Festivalın Münsiflər Heyətinin rəhbəri isə kinorejissor Sergey Ursulyak olacaq.

Qeyd edək ki, Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub.

1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alıb. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olub.

Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar.

Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotikdən istifadə edən Vladimir dünyasını dəyişir.

Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur.

V.Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirib və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişib.

Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon-Ştirlis rolu olub.

Amma aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. Tixonov burada özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.

Ülviyyə Həsənqızı