Azərbaycanın gənc və istedadlı aktrisası Dəniz Tacəddin Rusiyanın məşhur "Kuxnya" serialının davamı kimi çəkilən bədii filmdə rol alıb.

Bu barədə PrimeTime.Az-a açıqlama verən Dəniz Tacəddin çəkiliş prosesindən və yaradıcı qrupdan razı qalıb.

"3 ildir Actors Agency - AR Holding-də çalışıram. Beynəlxalq Agentliyin kastinq direktoru, həm də mənim menecerim olan Səbuhi Məmmədovdur. Onun səyi ilə Azərbaycandan bir neçə aktrisanın fotoları sınaq çəkilişlərinə göndərilib. Çəkilən kino və foto sınaqlarından məni bəyənən yaradıcı qrupun istəyi ilə ötən ilin noyabr ayında Sankt-Peterburq və Moskvada oldum. Filmdə mənim rol aldığım səhnələr Abxaziyada çəkilməliydi. Amma məlum hadisələrə görə çəkilişlər Sankt-Peterburq və Moskvada aparıldı. 2017-ci ilin ilk aylarında bütün çəkilişlər bitib."

Filmin yaradıcı heyəti və çəkiliş prosesindən razı qalan Dəniz Tacəddinin tərəf müqabili tanınmış teleaparıcı, aktyor və şoumen Dmitri Naqiev olub.

Qeyd edək ki, "KУХНЯ. ПОСЛЕДНЯЯ БИТВА" bədii filminin ilk treyleri yayılıb. Film aprelin 20-dən Rusiyanın bütün kinoteatrlarında yayımlanacaq.

Xatırladaq ki, gənc aktrisa Dəniz Tacəddin "Biz qayıdacağıq", "Cavid ömrü", "Əli və Nino" filmlərində, "Mürafiə vəkillərinin hekayəti" televiziya tamaşasında , "Toy gecəsi", "Sənə inanıram" və s. serial və filmlərdə maraqlı obrazlar ifa edib.

Ülviyyə Həsənqızı