Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasında qonaqdır.

İllərdir keyfiyyətli musiqi ilə dinləyicilərin ürəyinə yol tapan bəstəkarın kiçik müsahibəsini yayımlayırıq:

- Gövhər xanım, keyiyyətli musiqinin az olduğu bir zamanda dinləyiciləri sevindirmək fikriniz varmı?

- Çox sevinirəm ki, bu gün bizin üçün defisit söz olan keyfiyyətli məhsul deyiləndə mənim bəstələrimin adı çəkilir və mənə müraciət olunur. Bu, mənim üçün sevindirici haldır. Buna görə fəxr hissi keçirirəm.

Planlarıma gəldikdə isə azərbaycanlı sənətkarlarla bağlı iki böyük layihə üzərində çalışıram. Hələ ki, tam açıqlama vermək istəmirəm. Xaricdə maddi baxımdan uğurlu layihələrə imza atsam da Azərbaycan sənətkarları, musiqiçiləri mənim üçün hər kəsdən əzizdir.

- Son zamanlar türk sənətçiləri ilə daha çox işbirliyi qurursunuz...

- Bəli, bunların hamısı tələbatdan irəli gəlir. Tələb olan yerdə yeni musiqilər işıq üzü görür.

- Türkiyəli müğənnilər sizin illər öncə ərsəyə gətirdiyiniz işlərə müraciət edən zaman onlardan qonorar tələb edirsiniz yoxsa ifa etmələri üçün razılığınız kifayət edir?

- Mənim ərsəyə gətirdiyim bəstələrin hamısının müəllif hüququ qorunur. Hansı ölkənin sənətçisi olması fərq etməz.

Əgər müraciət olunursa, mütləq ödəniş edilir. Onu da deyim ki, mahnı 100 il belə efirlərdə səslənsə ondan əldə olunan vəsaitin müəyyən faizi mənim hesabıma köçürülür.

- İllərdir bu sahədə fəaliyyət göstərirsiniz. Xarici bəstəkarlar istedadlı birinə sıfırdan dəstək olub onu ulduz edirlər. Sizin belə bir fikriniz varmı?

- Bu bizim növbəti sürprizimiz olacaq. Öncədən danışmaq istəməməyimin səbəbi işlərimə ehtiyyatla yanaşmağımdan irəli gəlir. İnşallah, tam fərqli xanım müğənni estradaya gələcək. Özümü və adımı təsdiqləmək üçün mənə fərqlilik vacibdir.

Amma öncə mənə tamaşaçıların fikri önəmlidir. Bundan sonra layihənin nə qədər uğurlu alındığını deyə bilərəm.

- 2008-ci ildə "Eurovision" mahnı müsabiqəsində ifa olunan "Day after day" mahnısı sizin adınızla bağlı idi. 8 il fasilədən sonra ölkə yenidən azərbaycanlı bəstəkar İsa Məlikovun "Skeletons" mahnısı ilə təmsil olunur...

- Mən buna çox sevinirəm. Çünki bu illər ərzində dediyim və qınadığım məsələ bizim bəstəkarlara özlərini göstərmək üçün imkan verilməməsi olub. Bizdə Avropadan heç də geri qalmayan, istedadlı və təfəkkürlü insanlar var. Ümid edirəm ki, yenidən öz bəstəkarlarımıza müraciət etmək üçün 8 il gözləmərik. İsa Məlikova və təmsilçimizə uğurlar arzu edirəm.

- Amma bir məqamı da vurğulamaq istərdim. Sizin ərsəyə gətirdiyiniz və ölkəmizi layiqincə təmsil edən mahnıdan sonra heç bir çıxışımızda milli musiqimizə üstüklük verilməyib.

- Bilirsiniz, hər şey peşəkarlıqdan asılıdır. Həmin il bizim oradakı ilk çıxışımız , mahnı isə vizit kartımız idi. Özümüzü tanıtmaq üçün getmişdik. Ona görə də samballı və maksimum dərəcədə bizi təmsil edəcək bir mahnı olmalı idi.

Ondan sonra isə Avropa üslubuna və dinləyicisinə uyğun işlər ərsəyə gətirildi. İnşallah, bu il də uğurlu olar. Qismət olarsa dediyiniz kimi milli musiqimizi özündə təcəssüm edən növbəti işi ərsəyə gətirərik və ölkəmizi təmsil edərik.

Teymur Məmmədov

Foto: Rahib Hacıyev