Bu gün Nizami Kino Mərkəzində "Öldürmə ana" sosial layihəsi təqdim olunub.

PrimeTime.Az xəbər verir ki, gənc rejissor Elçin Elxanlının müəllifi olduğu layihədə xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Tünzalə Ağayeva, müğənnilər Samira, Samir Salam"Bənövşə" uşaq xoru yer alıb.

TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi, "Aydınlığa doğru" İctimai Birliyinın "Ailə Akademiyası" layihəsi çərçivəsində ərsəyə gələn işi izləmək üçün tədbirə qatılanlar sırasında millət vəkili Qənirə Paşayeva, əməkdar artist Vəfa Zeynalova da olub.

Rejissor E.Elxanlı layihə haqda fikirlərini bildirib:

"Bəlli olduğu kimi "Öldürmə ana" layihəsi ana bətnində tələf edilən körpələrə həsr olunub. Çalışdıq ki, cəmiyyətə çağırış edək. Dünyada hər il 55 milyon körpə abortun qurbanı olur. Qafqaz ölkələri arasında Azərbaycan birinci sıradadır. Ən azından bir nəfər bu mahnını dinləyib, klipi izləyən əməlindən əl çəkəcəksə deməli bir həyatı xilas etmiş olacağıq".

Əməkdar artist Fərqanə Qasımova da fikirləri ilə bölüşüb:

"Mən uşaqları çox sevirəm. Klipdə "Bənövşə" uşaq xoru ilə birlikdə çalışdıq. Çox zövq aldım. Layihəni ərsəyə gətirən hər kəsə təşəkkürümü bildirirəm. Bu, bütün dünyaya bir mesaj idi".

Qeyd edək ki, layihədə iştirak edən xalq artisti Alim Qasımov təqdimata qatılmayıb. Bunun səbəbi isə səhhətində yaranan problem olub.