Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasında qonaqdır.

Ustad xanəndə ilə birgə Azərbaycanı və muğam sənətini ölkə hüdudlarından kənarda layiqincə təmsil edən Fərqanə Qasımova ilə olan müsahibəni oxucularmız üçün yayımlayırıq:

- Fərqanə xanım, bu ilin əvvəlində Alim müəllimlə birlikdə xarici ölkələrdə silsilə konsertləriniz oldu. Bu haqda danışmağınızı istərdik.

- Artıq 21 ildir ki, atamla xarici ölkələrə səfər edirəm. Orada konsert proqramları ilə çıxış edirik. Bu, işimizin bir hissəsi olub. Məqsədimiz muğamı xaricilərə çatdırmaqdır. Biz onlara peşəkar dərsləri keçirik. Xarici vətəndaşların muğamı öyrənməsi mümkünsüzdür. Lakin sevdirməyə və tanıtmağa çalışırıq.

- Peşəkar dərsləri alanlar əsasən hansı yaş kateqoriyasına aiddir?

- Müxtəlif yaşları əhatə edir. Onların arasında 4 yaşında uşaqlar, məktəblilər, tələbələr, hətta professorlar da var. Onlar bizim muğam sənətini çox sevir.

- Fikrinizcə, müğamla belə dərindən maraqlanmaqlarının səbəbi nədir?

- Onlar çalışır ki, bu sənəti öz xalqına, millətinə aşılasın və sevdirsin. Bu baxımdan çox cəhd edirlər. Təbii ki, bizim də üzərimizə çox əziyyət düşür, ancaq bunun öhdəsindən gəlməyə çalışırıq. Hazırda xaricdə Azərbaycanımız, ölkəmizin sənətkarları haqda müsbət sözlər deyilir.

- "Leyli və Məcnun" layihəsi ilə ölkəmizi təmsil etdiniz...

- Bəli, Amerikada "Leyli və Məcnun" operası ilə 13, Avstraliyada isə 2 çıxışımız oldu.

- Bu il hansı xarici dövlətlərdə çıxışlarınız gözlənilir?

- Hələki məlum olanlar may ayında Rusiya və iyunda Norveçdə olan konsertlərdir.

- İstər ölkəmizdə, istərsə də xaricdə muğama maraq hansı dərəcədədir?

- Öz adımdan, hətta Alim müəllimin də adından deyə bilərəm ki, bu illər ərzində muğama laqeyd olan tamaşaçı görməmişik. Muğam dünyaya mesajdır. Həmçinin, ruhun qidası, təmizlənməsi və sakitləşməsidir. Meksika, Hindistan, Yaponiyada çıxışlarımız olub. Bu ölkələri ona görə sadalayıram ki, onlar bizə daha yaddır. Muğam orada belə heyrətamiz alqışlarla qarşılandı. Bu da ondan xəbər verir ki, Allahın yaratdığı hisslər kamildir. Bu musiqini də Allah yaradıb.

- Sənətkar övladı olmaq çətindirmi?

- Bilirsiniz, çox çətindir. Çünki insan məsuliyyət hissi daşıyır. Həm öz, həm də atamın adından çıxış edirəm.

- Siz eyni zamanda Alim müəllimin davamçısısınız...

- Sənətkarların təkrarı olmur. Onların davamçıları olur. Mən də onun ilk davamçısıyam. Ona görə də üzərimdə çox böyük məsuliyyət var. Ona görə də çalışıram ki, öz adıma, atamın adına və ən əsası muğama layiqli biri olum.

- Bu il üçün Azərbaycanla bağlı hansı planlarınız var?

- İnşallah, may ayında tamaşaçılarımıza solo konsertimlə müjdə vermək istəyirəm. Bu yaxınlarda artıq tanıtım işlərinə başlanılacaq.

Teymur Məmmədov

Foto: Rahib Hacıyev