PrimeTime.Az xəbər verir ki, ötən gün Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadə və Süleyman Ələsgərovun "Subaylarınızdan görəsiniz" musiqili komediyasının premyerası olub.

Yeni adı "Toy olsun" olan tamaşada Səməni obrazında xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, Seyfi rolunda isə xalq artisti, tanınmış aktyor Valeh Kərimov çıxış edib.

Quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun olduğu tamaşanın premyerası anşlaqla keçib.

Afaq Bəşirqızının ilk tamaşasını seyr edənlər arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, İcra Hakimiyyətinin nümayəndələri, sənətkarın ailə üzvləri, doğmaları, Musiqili Teatrın kollektivi, KİV nümayəndələri iştirak edib.

Bir neçə ay məşqləri davam edən tamaşanın uğurlu nümayişindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin gül çələngi dəyərli sənətkarlara təqdim olunub.

Xalq artisti Afaq Bəşirqızı tamaşadan sonra etdiyi çıxışında İcra Hakimiyyətinin nümayəndələrinə, Sumqayıt ictimaiyyətinə təşəkkürünü bildirib:

"Sumqayıt mənə doğma şəhərdir. Bu şəhərdə övladım dünyaya gəlib. Ən gözəl illərim bu şəhərdə keçib."

Alqışlarla keçən tamaşa Sumqayıt Teatrının özəl layihəsi əsasında baş tutub.

Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oqtay Mehtiyev və başqaları çıxış edib.

Tamaşanın rəssamı Nizami Dadaşov, musiqi tərtibatı və montajı Telman Qəniyevə məxsusdur.

Qeyd edək ki, Valeh Kərimovun məşhur musiqili komediyada çıxış etməsi ideyası Afaq Bəşirqızına aiddir.

Xatırladaq ki, xalq artisti Afaq Bəşirqızı 1975-ci ildən 1989-cu ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 

 

Xüsusi təşəkkür: "Gül dünyası" salonuna 

Ülviyyə Həsənqızı

Foto: Rahib Hacıyev

182
Xəbərləri daha operativ əldə etmək üçün Facebook səhifəmizi bəyənin