Sosial şəbəkələrin, əsasən də instagramın həyatımızı "işğal" etməsi danılmaz faktdır.

Zərəri xeyirindən qat-qat çox olan bu sosial şəbəkənin aktiv istifadəçiləri sırasında yerli şou-biznesin öndə gedən simalarını misal gətirmək olar.

Paylaşımlarının əksəriyyəti qalmaqala səbəb olan tanınmışlar müsbət rəy aldıqları kimi tənqid və təhqirə də məruz qalır.

PrimeTime.Az olaraq yerli şou-biznesin instagram istifadəçiləri arasında sorğu keçirdik.

Onlara ünvanlanan "İnstagramda təhqir olunmağınızın əsas səbəbi paylaşımınız yoxsa izləyicinizin paxıllığıdır?" sualını belə cavablandırdılar:

Aygün Kazımova: Əgər izləyici tanınmış və ya adi birini təhqir edirsə, bu onun səviyyəsindən xəbər verir.

Faiq Ağayev: Valideynlərimiz və müəllimlərimiz öyrədib ki, insan situasiyadan asılı olmayaraq tərbiyəsini gözləməlidir. Bunu bacarmayanların demək ki, problemi var.

Röya: Xoşagəlməz fikirlər bildirən olur. Biri yazır ki, bunun harası gözəldir? Həmin şərhlərə gülürəm. Təhqirlərə gəldikdə isə bilirlər ki, mən dəliyəm (gülür).

Dilarə Əliyeva: Problem hər tərəfdə ola bilər. Mən instagramdan istifadə etmirəm. Ona görə ki, nə mən paylaşım edim, nə də kimsə fikir bildirsin və problem yaratsın.

Natavan Həbibi: Paylaşdığım şəkillərə çox az hallarda neqativ şərh yazan olur. Təxminəm 4-5 aydan bir belə hal yaşanır.

Əslində onu yazanlar bizim həyatımıza baxaraq şikayətlənib nə isə deyə bilər. Amma bir-iki nəfər də olub ki, nalayiq şərh yazıb. Biz həmin adamları tapdıq və onlar etdikləri əməllərinin cavabını verdi. Bəziləri kimi o şəxsləri bloka atmıram, boş verim getsin demirəm. Nə olsun ki, virtual dünyadır. Bu məsələ mənim üçün çox həssasdır.

Ruhi Əliyeva: İnsanlarla səmimi olmaq lazımdır. İzləyicilərimə təşəkkürümü bildirmək istəyirəm. İnanmazdım ki, xalqım məni bu qədər sevir və dəyər verir. Məni üzgün görən zaman yazırlar ki, üzülmə hər şey yaxşı olacaq. Bu mənə daha da güc verir. Özümü güvənli hiss edirəm. Fikrimcə, saxtalıq və səmimiyyətsizlik insanlarda aqressiya yaradır.

Samira Allahverdi: Düşünürəm ki, əgər insan birini təhqir edirsə bu mədəniyyətin olmamasından, bisavadlıqdan irəli gəlir. Etikası, mədəniyyəti və savadı olan təhqirə heç vaxt yol verməz. Ümumiyyətlə, sosial şəbəkələr insanların ağlını başından alıb.

Zəhra Bədəlbəyli: Misal üçün tanınmış insan istəyirsə ki, səhifəsində qalmaqal yaransın insanlarda aqressiya doğuran mövzuya müraciət edir. Bu da təhqir və tənqidlərə yol açır. Fikrimcə, sənətçilər öz işlərini bölüşməlidir. Bu zaman daha az mənfi fikir yazılacaq. Qalmaqalsız mövzuya neqativ fikir bildirənlər isə bekar insanlardır. Onlar öz problemlərini başqasının həyatına atmaq istəyir.

Renka: Bu dünyanın hər yerində var. Sadəcə bizdə daha abartılı və neqativ fikir bildirilir. İnanın ki, mən özüm də bunun niyə belə olduğunu hələ anlamamışam. Hər insanın öz fikri var. Mən özüm çalışdığım qədər pozitiv şərhlər yazıram. Nalayiq şərh yazanlarla dava etmirəm. Sadəcə olaraq əngəlləyirəm və iş bununla da bitir.

Fatimə Fətəliyeva: Səbəbini bilməsəm də son zamanlar insanlarda pis reaksiyalar əmələ gəlir. Düşünürlər ki, əgər sənət adamıdırsa daşlanmalıdır. Bizim həyatımız yaxşı olmağını istəmirlər. Qısqanclıq əmələ gəlib. Bizim də hamı kimi ailəmiz var.

DJ Çina: Hamı bu məsələdən şikayətçidir. Səbəbini bilməsəm də indiyə kimi mənə təhqir yazan olmayıb. Məncə, efirdə, həyatda və sosial şəbəkələrdə səmimi olsan, olduğun kimi görünsən təhqir olunmazsan. Əgər belə bir şərh yazan olsa, bu artıq düşmənçilik sayılır.

Çinarə Məlikzadə: Ümumiyyətlə, vəziyyətdən asılıdır. Bəzən müğənni bu şəraiti yaradır. Hərdən isə haqsız yerə təhqir olunur. İnsan hər şeyi istədiyi kimi görür. Həmin kəslər boş-bekar, həyatda heç nəyə nail olmayan insanlardır. Əllərindən təhqirdən başqa bir iş gəlmir. Şəxsən mən bəyənmədiyim birinin səhifəsinə baxmıram. Nə işim var axı onun şəxsi hesabında?

Sevil-Sevinc Səfərova: Biz mənfi rəylərə qarşı yaxşı yol tapmışıq. Nə paylaşım ediriksə, rəyləri bağlayırıq. İnsanlar istər xoş, istərsə də mənfi fikirlərini yaza bilmir. Bu həm də əlçatmazlıq deməkdir.

Vasif Məhərrəmli: Bu məsələdə günah pis izləyicilərdədir. Həmin adamlara demək istəyirəm ki, qardaşım, xoşun gəlmir məni izləmə. Tənqid etmək olar, amma təhqirə yol vermək olmaz. Biri hamamda, barda, hovuzda və sair yerlərdə şəkil çəkdirir. Əgər bəyənmirsənsə baxma. Burada çətin bir şey yoxdur.

Teymur Məmmədov