Dj Çina İslam Oyunları 2017-nin baş musiqi rəhbəri seçilib.

12-22 may tarixləri arasında baş tutacaq idman oyunlarında məsuliyyətli vəzifəni öhdəsinə götürən dj Çina bu barədə PrimeTime.Az-a danışıb:

"Mən İslam Oyunlarında baş musiqi rəhbəri, direktoru və əsas diceyiyəm. Təklif, fikirlərim və təcrübəm onların çox xoşuna gəldi. İlk kastinq görüşdən demək olar ki, birbaşa musiqi rəhbəri seçildim. Həmçinin, mənimlə birlikdə 6 dj komandası çalışacaq. Onlar dj Aligee, dj Razy Freeman, dj Nasirov, dj Ruller, dj Bazaur və dj Habibdir".

O, dj vəzifəsinə nələrin aid olacağı haqda məlumat verib: "Musiqi rəhbəri bütün stadionlarda yayımlanacaq musiqilərə nəzarət edir və cavabdehdir. Yayımlanacaq hər musiqinin öz hüququ olmalıdır".

Çina idman oyunlarında hansı musiqiləri səsləndirəcəyindən də söz açıb:

"Təbii ki, yayım hüququna sahib olan musiqiləri səsləndirəcəyik. Estrada musiqilərinin əksəriyyəti olacaq. Daha çox pop və müasir mahnılara üstünlük veriləcək. Musiqilərə ciddi yanaşma var. Hazırda məşqlər gedir. Hər gün məşqlər edirik və hansı musiqilərin nə zaman səslənəcəyini müəyyənləşdiririk. Çünki mahnıların tərcüməsində İslama qarşı heç nə, neqativ sözlər olmalı deyil. Yəni bütün xarici mahnıların tərcüməsi yoxlanılır. Bizim komandada o işləri musiqi redaktoru üzərinə götürüb".