PrimeTime.Az xəbər verir ki, gənc və istedadlı aktyor Ülvi Həsənlinin çəkiliş meydançasında halı pisləşib.

Bu barədə PrimeTime.Az-a məlumat verən aktyor bildirib ki, rol aldığı serialın çəkiliş meydançasında özünü pis hiss edib və bu səbəbdən çəkiliş təxirə salınıb:

"Rol aldığım serialın çəkiliş meydançasında qəfildən özümü pis hiss etdim. Rəngim ağardı, təzyiqim yüksəldi. Mənə görə çəkilişi dayandırdılar. Son vaxtlar gərgin iş qrafikim var. Həm də son vaxtlar əsəbi günlər yaşayıram. Halimin qəfil pisləşməsi bununla bağlı olub"

Ülvi Həsənli son günlər əsəbi olmasının səbəbini ətrafında baş verən hadisələrə bağlayır:

"Haqsızlıq insanı bezdirir. Haqqın olanı ala bilmirsən. Sənəti düşünən azalıb. Getdikcə dəyərlər arxa plana keçir. Sənət ehtiyacından susmağa məcbur olursan, amma nə qədər olar? Belə haqsız hərəkətlər məni əsəbləşdirir. Yenə də ruhdan düşməyib, sənət yolumu davam etdirirəm. Bir neçə gündən sonra yeni filmim olan "Nazlı" nın təqdimat mərasimi keçiriləcək. "Nazlı"da maraqlı obraz ifa etmişəm. Həmin filmdə tamaşaçılar məni tam fərqli şəkildə görəcək. "Nazlı"  filmində xarici görünüşüm də, tam dəyişib. "Ekran işinin uğurlu olmasını istəyirəm"

Qeyd edək ki, gənc aktyor Ülvi Həsənli Akademik Milli Dram Teatrında üç il müqavilə şərtləri ilə çalışıb. Qısa fasilədən sonra yenidən Milli Dram Teatrına qayıdan aktyor yaxın günlərdə tamaşalarda çıxış edəcək.

Ülviyyə Həsənqızı