PrimeTime.Az xəbər verir ki, "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasının müzakirə edilməsi məqsədi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, "Azərsu", "Azərenerji", "Azəravtoyol" ASC-lərin nümayəndələri iştirak edib.

Görüşdə Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var.

Nazir ölkəmizdə mövcud olan çimərliklərin indiki vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.

Əbülfəs Qarayev həmçinin çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib.

Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib.

Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verib.