PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasının budəfəki qonağı ölkənin əsas top-stilisti Anar Ağakişiyevdir.

Kiyevdə keçirilən "Eurovision 2017" mahnı müsabiqəsində ölkəmizi təmsil edən komandada yer alan stilistlə vətənə dönən kimi müsahibə gerçəkləşdirdik.

- Anar, Kiyevin abu-havası necə idi?

- Bizim komandamız, kanalların aparıcıları, hamımız çox mehribancasına bayrağımızı ucaldırdıq. Kimin üstünə hansı iş düşürdüsə, rahat şəkildə yerinə yetirirdi.

- "Backvocal"ların üzərində çalışdın. Çətin olmadı?

- Yox, əvvəlcədən hazır obrazlar var idi. Yunanıstandan gəlmiş modelyer sadəcə göstəriş verdi. Mənim işimdən isə çox razı qaldı. Dedi ki, "Sən çox möhtəşəmsən. İşinə müdaxilə etməyə ehtiyac yoxdur".

- Bizim ifaçının imicini bəyəndin?

- Dihaj çox maraqlı idi. Təbii ki, bəzi şeyləri dəyişdirmək istəyərdim. Komandada azərbaycanlıların olmağı isə qürurvericidir.

- Efirdən Diana çox soyuq görünürdü...

- Səhnədəki obraz tələb edir ki, o, soyuq görünsün. İmici elə olsa da, özü isti insandır. Biz ona dəstək üçün getmişdik. O, isə qarşılıq olaraq yaxşı reaksiya verdi.
Digər ölkələrin nümayəndələri də mehriban idilər. Xüsusilə, Moldova təmsilçisi hər dəfə bizi görəndə salamlaşır və gülümsəyirdi. Portuqal təmsilçisi bizimlə eyni oteldə qalırdı. Hər səhər bir-birimizi görürdük. Çox pozitiv idi. Salvador Sobral "Avroviziya"nın birinci yarımfinalını qazananların mətbuat konfransında geyindiyi köynəklə diqqət çəkmişdi. Qara köynəyin üzərinə ağ hərflərlə bu sözlər yazılmışdı: "S.O.S. Refugees". "Refugees" ingilis dilindən tərcümədə "qaçqınlar" deməkdir. Salvador Sobral bu addımla diqqəti qaçqınların üzərinə çəkməyə çalışdı.

O, konfransda çıxışı zamanı "Buradayamsa və Avropa ilə əlaqəm varsa, edə biləcəyim ən kiçik şey insani bir mesajdır. İnsanlar plastik qayıqlarla Avropaya gəlir və bir ölkəyə girmələri üçün sənədləri istənilir. Bu insanlar məcburi köçkün deyil, ölümdən qaçan mühacirlərdir. Səhv etmək olmaz. Yunanıstan, Türkiyə və İtaliyadakı mühacir sığınacaqlarında çox bürokratik hadisələr yaşanır və biz bu ölkələrdən gələnlərə qanuni və güvənli yolların açılmasına kömək etməliyik" dedi. Salvador Sobralın bu çıxışı Azərbaycan mediasını çox maraqlandırmasa da, dünya mediasının gündəmindən düşmədi. Avropa Yayım İttifaqı Salvadorun bu köynəyi geyinməsini mühakimə etdi, qadağa qoydu və bunu yarışmanın qaydalarına zidd addım, siyasi bir mesaj kimi dəyərləndirdi. Müğənni isə mətbuat konfransında İttifaqın iddiasını "Siyasi yox, insani mesajdır" deyərək cavablandırdı.

- Təsiredici məqamdır. Bəs onun çıxışını bəyəndin? Birinci olmağını gözləyirdin?

- Hər kəs ölkəsinə məlumatlar ötürərkən ondan yazırdı. Məncə, bunun da böyük rolu var. Mahnıdan əlavə media ilə münasibəti, insanlığı onu birinci etdi.

- Orada dövlətlərin 90%-i öz ölkəsinin mahnısı ilə çıxır. Bu il də bizim ölkəyə mahnını İsa Məlikov yazmışdı. Hansı hissləri keçirirdin?

- Orada yazı gedəndə ki, mahnı İsa Məlikovundur biz bunu fəxrlə qeyd edirdik. Soruşanda ki, "Mahnını hansı ölkədən almısınız?" "Öz mahnımızdır!" deyə cavab verirdik. Bu çox qürurvericidir. Mahnımız "Press Center"də belə çox sevilirdi.

- Nəzərə alsaq ki, ötən il dəb aləmində dünya mətbuatını zəpt etdin, həmkarların səni tanımalı idi. Necə idi onlarla münasibətin?

- Çox yaxşı münasibət gördüm. Orada 2-3 həmkarımla görüşdüm. Mən onlarla Lissabonda yarışmada tanış olmuşdum.

- Təmsilçi üçün gedib, "backvocal"la işləmək sənə pis təsir etmədi?

- Niyə ki?! "Backvocal" adam deyil? Əsas odur mən orada idim. Vətənimi təmsil etməyə getmişdim. Orada komandanın yarısı başqa ölkələrdən idi. İsveçrədən olan "backvocal"lar biləndəki mən azərbaycanlıyam, şoka düşdülər. Baxmayarq ki, mən vətənim üçün təmənnasız da işləyərdim. Ancaq qonorarımı ödədilər və mən də işimi gördüm. Ancaq qeyd edim ki, bizim bədxah qonşularımız olan ermənilərin bütün komandası öz millətlərindən ibarət idi. Hətta onların içində "Gəncə ermənisi" də var idi. Bizə həsrətlə baxdığını sezdim. Onlar da yenə öz ab-havalarında idilər, son anadək öz ölkələrinin adını böyük hərflərlə hər kəsin gözünə soxmağa çalışırdılar.

- Gələn il getmək fikrin var?

- Çağırsalar təbii ki, sevə-sevə gedəcəyəm.

- Gürcüstan təmsilçisi ilə nə baş verdi?

- Hər dövlətin öz qrim otağı var idi. Ancaq otaqda Diana Hacıyeva, vokal müəllimi, beş nəfər "backvocal", mən və könüllü olduğuna görə işləməkdə çətinlik yaranırdı. Çünki otaq çox dar idi. Könüllüyə müraciət etdim və o məni başqa otağa apardı. Hansı ki, 3 metr eni, sağda və solda qarşı-qarşıya güzgülərdən ibarət olan ümumi otaq idi. İçəri girib mədəni insanlar kimi üzr istəyərək, bir neçə dəqiqəlik işimin olduğunu bildirdim. Gürcüstan təmsilçisi Tamara da öz otağından razı qalmayıb buraya gəlmişdi. Elə oldu ki, mən 15 dəqiqə öncə əşyalarımı açmağa başladım. Fizikanı yaxşı oxuyanlar bilir ki, güzgülər qarşı-qarşıya olanda başqası güzgüyə baxarkən elə təəsüraat yaranır ki, həmin adam sənə baxır. Mən güzgüyə baxanda bir anlıq gürcü təmsilçisi ilə göz-gözə gəldim və bu onun xoşuna gəlmədi. Məncə, həmin xanım bir az özü ilə problemi var idi. Mənim gürcü dilini bilməyimdən xəbərsiz olaraq vizajistindən doğma dilində "Bunlar kimdir?" deyə soruşdu. Vizajist isə bilmədiyini dedi. Qız yenidən "Niyə mənə baxırlar?" deyə öz-özünə xoflanmağa başladı. Ən azından etik qaydaları bilirəm. O nə Beyons, nə də Rihanna idi. Heç Beyons olsa belə işin çoxluğundan baxmağa vaxtım yox idi.

Ancaq Tamara yenidən "Niyə baxırlar?" deyib özünü narahat hiss etmyə başladı. Sonra dönüb mən tərəfə süni şəkildə gülərək ingilis dilində "Salam, siz haralısınız?" deyə sual ünvanladı. Sanki üç dəqiqə əvvəl danışan, "Niyə baxırlar?" deyən qız bu deyildi. Mən də "Biz azərbaycanlıyıq" deyə cavab verdim. O da gülümsəməyə davam edib, öz vizajistinə "İndi aydındır niyə belə baxırlar" deyərək "Çuşka", "Gözünüz g...mə" mənasını verən aşağılayıcı ifadələr işlətdi. Mən mədənilik nümayiş etdirib, heç bir cavab vermədim. Çünki o, orada səs-küy yaradıb, bizə qarşı mənfi rəy formalaşdıra bilərdi. "Əsəbiləşdim, performansım düşdü. Səsim yerində olmadı" kimi bəhanələr gətirə bilərdi. Yarımfinalın başlamasına 40 dəqiqə qalmışdı deyə heç nə demədim. Onu Allaha tapşırdım. Bir neçə saat sonra ədalət öz yerini tapdı. Gürcüstanın çox güclü mahnısı olmasına baxmayaraq, o finala keçmədi.

- Sən bundan sonra heç nə etmədin?

- Mən gəldim komandamızda olan dostum Tolikə bu barədə məlumat verdim. Tolik də gürcüstanlı jurnalistin qarşısına çıxıb baş verənləri nəql elədi. Onlar əvvəlcə etiraz edərək yalan olduğunu bildirdilər. Bu zaman mən məsələyə qarışıb, onlara hər şeyi sübut elədim. Jurnalist xahiş etdi ki, biz məsələni şişirtməyək. Əvəzində isə müğənni gəlib bizdən üzr istəyəcək. Ancaq qız gəlib bizdən üzr istəmədi. Tolik paylaşım edəndən sonra isə qızın instagram hesabına şikayətlər yağdı və Tamaranın profili bağlandı. Məhz bundan sonra, onun mənim nömrəmi istədiyini bildirdilər. Mən də nömrəmi verdim. Zəng edib, kobud danışmaq istəsə də, ona "siz" deyə müraciət etməyə başladım. O, isə mənə "sən" deyə xitab edirdi. Məni görüş üçün bir məkana dəvət etdi. Öyrəndim ki, həmin məkanın sahibləri də, işçiləri də hamısı ermənidir.

- Səni şantaj edirdi?

- Mən dedim ki, "İşləməyə gəlmişəm, vaxtım yoxdur. Qaldığım yer isə bəllidir. Sizin mənimlə probleminiz var. Gəlin burada aydınlaşdıraq". O, yenə kobud danışmağa başladı. Mən isə cavabını verdim. Dedim "Siz ailə tərbiyəsi görməmisiniz. On dəqiqədir sizinlə telefonla danışıram, siz mənə "sən" deyə xitab edirsiniz, üstəgəl mənə "Dünyada belə qanun var ki, biri 15 dəqiqədən artıq sənə baxırsa, onu şikayət edib, tutdura bilərsən" kimi nağıllar danışırsınız. Oturub sizə baxmağım üçün gərək Beyons, ya da Rihanna olasınız. O gözəllik də sizdə yoxdur" deyərək telefonu bağladım. Araşdırmadan sonra məlum oldu ki, o xanım öz həmvətənlərinə qarşı da tərbiyəsiz hərəkətlər nümayiş etdirirmiş. Ancaq biz qardaş ölkə sayılırıq, bir xanıma görə bütöv bir ölkəyə qiymət vermək düzgün olmaz. İnşallah ki, bui xoşagəlməz hadisə unudular.

- Belə görürəm ki, Kiyev sənin üçün həm poziti həm də "macəra" dolu oldu.

- Təbii ki, hər şey çox əla idi. Birlik içində yeni insanlarla tanışlığım mənim üçün unudulmaz oldu. Azərbaycanı çox sevirəm. Təmsilçimiz, mahnımız, performansımız möhtəşəm idi. Ümid edirəm ki, gələn il yenidən bu mötəbər musiqi bayramına şahidlik edəcəyəm.

Türkan Məmmədli