Bu dəqiqələrdə paytaxt otellərindən birində tanınmış aparıcı Nuran Hüseynov "Həyat Fondu" adını verdiyi fondunun təqdimatını keçirib.

PrimeTime.Az xəbər verir ki, təqdimat mərasimində DTX-nin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyeva, xalq artisti Həmidə Ömərova, müğənnilər Sevil-Sevinc Səfərovalar, aparıcı Emil Şahzadə,  güləş üzrə Avropa çempionları Rəsul Çunayev, Elnur Məmmədli və bir sıra tanınmış şəxslər, o cümlədən media nümayəndələri iştirak edib.

Fondun təsis edilməsinin əsas səbəbkarı Hacı Nuran məqsədi haqda açıqlama verib:

""Həyat Fondu"nun təsis edilməsində əsas məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni yön verməkdir. Ehtiyac sahibi olan insanlar fondun internet səhifəsinə daxil olaraq orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciətlərini edə biləcəklər. Həmçinin fonda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq".

Qeyd edək ki, N.Hüseynov uzun illərdir bu sahədə fəaliyyət göstərir, ehtiyac sahibi insanlarla, xeyirxah şəxslər arasında əlaqələr yaratmağa yardımçı olur. Həmçinin həftədə bir dəfə olmaqla fondun televiziya verilişi də nəzərdə tutulub. "Həyat" adlanacaq televiziya verilişi ATV telekanalında yayımlanacaq və ehtiyac sahibi insanların ictimailəşdirilməsi, həmçinin fondun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədini daşıyacaq.

Verilişin aparıcısı da məhz Nuran Hüseynov olacaq.