Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək.

PrimeTime.Az Apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxacaqlar.

57 kq
Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşəcək.

65 kq
Komanda yoldaşından fərqli, Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb.

74 kq
Bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

97 kq
Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edəcək. Onun finaldakı rəqibi iranlı Əmir Muhammadi olacaq.

Qeyd edək ki, güləş yığmamız "klassiklər"in mübarizəsində 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.