Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə millisində yer alan azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub. Onun bu uğuru Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb. Türkiyə prezidenti Recep Tayyip Erdoğanbaş nazir Binali Yıldırım da atleti təbrik edənlər sırasında olub.

Xatırladaq ki, bir neçə il öncə Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə mediaya Ramil Quliyevin böyük pul arxasınca qaçdığını və Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdiyini demişdi:

"Türkiyəyə köçdükdən sonra, o, əvvəlki nəticələrinə yaxın nəticə belə göstərmir. Məsələn, mən Ramilin hansısa yarışda qalib gəldiyini eşitməmişəm. Böyük pul ardınca qaçmaq heç zaman uğur gətirmir".

Londonda davam edən atletika üzrə dünya çempionatındakı qələbəsindən sonra həmyerlimiz Ramil Quliyev Türkiyə və Azərbaycan bayrağı ilə meydanda dövrə vurub. Bu isə illər öncə söylənilən fikirlərə sözün əsl mənasında son nöqtəni qoyub.

PrimeTime.Az məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin mətbuat xidməti ilə saxlayıb. Qurumun sözçüsü Çingiz Hüseynzadənin hazırda ölkədə olmadığını bildirib:

"Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə hazırda ölkədə yoxdur. O, Londonda sözügedən dünya çempionatında iştirak edir".

Qeyd edək ki, Çingiz Hüseynzadə eyni zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

Şahin Sərdarlı