Türkiyə tarixinə adını qızıl hərflərlə yazan dünya çempionu Ramil Quliyev haqda illər öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən söylənilən fikirlər gündəmə gəlib .

PrimeTime.Az məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə əlaqə saxlayıb. Qurumdan saytımıza bildirilib ki, sözügedən məsələ ilə bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır:

"Çingiz müəllim hazırda Londonda sözügedən dünya çempionatındadır. Onunla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Amma bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı avqustun 15-i saat 14:00-da mətbuat konfransı planlaşdırılıb. Bütün suallarınızı konfransda səsləndirə və suallarınıza cavab tapa bilərsiniz".

Qeyd edək ki, iki il öncə Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə mediaya Ramil Quliyevin böyük pul arxasınca qaçdığını və Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdiyini deyib.

Həmyerlimizin ötən gün Londonda keçirilən atletika üzrə dünya çempionatındakı qələbəsi Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb. O, bu qələbəsindən sonra Türkiyə və Azərbaycan bayrağı ilə meydanda dövrə vurub.

Şahin Sərdarlı