Son zamanlar yerli məşhurların instagram hesablarının hakerlər tərəfindən ələ keçirilməsi barədə xəbərlər tez-tez yayımlanmaqdadır.

Məsələ ilə bağlı bir çox tanınmış simaların sosial şəbəkə, əsasən də intagram hesablarını qoruyan mütəxəssis Akela ləqəbli Nurəddin Cəfərovla əlaqə saxladıq.

PrimeTime.Az-a açıqlama verən N.Cəfərov kiber hücumların əsasən türkiyəli hakerlər tərəfindən həyata keçirildiyini deyib:

"Əvvəla, güclü şifrə seçilməlidir. Diqqət yetirmək lazımdır ki, bu şifrədə ən azı 6 rəqəm, hərf və durğu işarələrindən istifadə olunsun. Həmçinin, bu şifrə digər internet portallarda istifadə etdiyinizdən fərqli olmalıdır. Xüsusilə, instagram sosial şəbəkəsindən təhlükəsizliklə bağlı mesaj alsanız dərhal şifrəni dəyişməyiniz məsləhət olunur. Şəxsi məlumatlarınızı heç kimlə bölüşməyin.

Daha vacib məqam isə ayarlarda şəxsiyyətin ikili təsdiqi funksiyasının aktiv olunmasıdır. Başqa bir faktor isə elektron poçt ünvanınızın təhlükəsiz olmasıdır.

Meyllərinizi oxuya bilən hər kəsin sizin instagram hesabınızı ələ keçirmə imkanı var. Bütün elektron poçt ünvanlarınızın şifrəsi dəyişməli və mümkün qədər bir-birindən fərqli olmalıdır.

Başqa bir kompüter və telefonda şəxsi hesabınıza daxil olduqdan sonra mütləq sürətdə çıxış edin".