65 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.

PrimeTime.Az-ın arayışı: Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Azərbaycanın Gəncə şəhərində anadan olub. Güləşçimiz "London -2012" Olimpiya Oyunlarının, 2012-ci ildə Avropa çempionatının və "Bakı-2015" birinci Avropa Oyunlarının qalibi olub.

Birinci Avropa Oyunlarında güləşçimizə mükafatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təqdim edib. İdmançımız 2012-ci ildə Yay Olimpiya Oyunlarından sonra "Şöhrət" ordeni, 2015-ci ildə isə Avropa Oyunlarında qazandığı qızıl medala görə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, millimizin Rioda çıxışını başa vurmuş digər güləşçiləri Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.