Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Şəkiyə yola düşüb.

PrimeTime.Az xəbər verir ki, Milli Dram Teatrının kollektivi II-cı Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək.

Sentyabrın 15-də başlayacaq "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalında Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru, Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətdir.

Səhnə əsərinin rejissorları Anar SadıqovƏlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi, akademik İsa Həbibbəylidir.

Tamaşada Şeyx Nəsrullah rolunu xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndər obrazını Anar Heybətov ifa edib.
Rollarda, xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov,Kazım Həsənquliyev, Hicran Nəsirova, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Mətləb Abdullayev, Vüsal Mustafayev, Canəli Canəliyev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Rüstəm Rüstəmov, Elnur Qədirov çıxış edir.